Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:34

«Nurçuluq» doğrudanmı Azərbaycan üçün problemdir?


 İlqar İbrahimoğlu
İlqar İbrahimoğlu
Azərbaycanda dini cərəyanların nümayəndələrilə hakimiyyət arasında problemlər davam edir. Sonuncu olay Gəncədə «nurçular»la baş verdi. Amma burada digər məqsəd güdüldüyü ekspertlər tərəfindən sezilir. Belə düşünən ekspertlərdən biri, İlqar İbrahimoğludur. Dini Etiqad və Vicdan Azadlığının Müdafiəsi Mərkəzinin rəhbəri «İşdən sonra» proqramına verdiyi müsahibədə fikirlərini bildirib:

- «Nurçuluq» doğrudanmı Azərbaycan dövlətçiliyinə problemdir?

- Bu fikir birinci dəfə deyil ki, səslənir. 2-3 ildir ki, onu tez-tez eşidirik. Əslində bu, kökündə bir şey olmayan məsələni şişirtmək halıdır. Mən 2 şeydən çox narahatam. Biri – heç bir əsası olmadan çox təriflənəndə. Vaxtı var idi, «nurçuluq» Azərbaycan üçün model kimi əsassız təqdim edilirdi. İkinci, bəyənmədiyim məqam odur ki, bir şey fövqəl dərəcədə birdən-birə təhlükəli görsədilməyə başlanır. Bunlar hər ikisi normadan kənara çıxmalardı.

Gəncə ilə bağlı situasiya fərqlidir. Təxminən 15 gün əvvəl Lənkəranda yaşayan Tohid İbrahimbəyli adlı ilahiyyatçı Gəncəyə dəvət olunur. İnancı insanlar mübarək Rəcəb ayında bir növ öz bilgilərilə bölüşmək üçün çağırırlar. Və bir gün o, məsciddə ikən polis tərəfindən saxlanılır və bundan sonra Gəncəyə gəlməməsi ondan tələb olunur. Deyirlər ki, «sən burada artıq islamı təbliğ edə bilməyəcəksən». Fikir verin, bu hadisə Azərbaycanda islamın «ənənəvi cərəyanına» məxsus olan, cəfəri məktəbinin ilahiyyatçısı ilə baş verir. Bu axı «nurçuluq» deyil.

Baş verənin bir adı var – fundamental konstitusiya haqları tapdalanır. Axı hər kəs dini ibadətini istədiyi yerdə keçirdə bilər. Bu haqq pozulur.

O ki, qaldı qonşuların müraciətinə - Azərbaycanda son zamanlar nədənsə bütün ictimai, siyasi, intellektual elita ya «xuliqan» çıxır, ya «qonşuları narahat edir». Tanınmış yazarlar artıq özlərinə «mən xuliqanam» şüarını seçirlər. Bu halı sovetlərin ənənələrinə qayıdış kimi qiymətləndirirəm. Bu gün gənc fəalları döyüb «xuliqanlıqda» suçlu bilərək həbs edirlər. Eksperiment baş verir.

- Hansı eksperiment?

- Sabah artıq çayxanalarda insanların birlikdə çay içməsinin məhdudlaşdırılması gözlənilə bilər. Ardınca internetin məhdudlaşdırılması söhbətləri gedir. Məşhur misal var: «Apardılar birilərini – bizlər susduq, digərlərini apardılar – yenə susduq, məni aparanda heç kim olmadı». Bu məsələ həmin o məsələdir. Hansı yerdə vicdan və mətbuat azadlığı pozulursa, orada qalan azadlıqlar da pozulacaq. Dövlətçiliyə ən böyük zərər isə, demokratiyanın tapdanmasıdır.
XS
SM
MD
LG