Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:40

«Biz belə bir dəlixanada yaşayırıq»


Hikmət Hacızadə
Hikmət Hacızadə
İNDİ DƏ HƏDƏFDƏ SƏFİRLİKLƏRDİR

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) gənc fəallar Adnan Hacızadəylə Emin Millinin həbsinin səbəbləri ilə bağlı növbəti açıqlama yayıblar. Baş verən hadisəni xüliqanlıq kimi dəyərləndirən və bu həbslərin arxasında siyasi məqsədin dayanmadığını bəyan edən hüquq-mühafizə orqanlarından səfirliklərə də sərt çağırış gəldi. Açıqlamada deyilir ki, ayrı-ayrı səfirliklərin öz diplomatik missiyalarından kənara çıxıb, ölkənin daxili işlərinə qarışması təəssüf doğurur. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi onları istintaqın gedişinə müdaxilələri dayandırmağa çağırır.

SƏFİRLİKLƏRİN TƏƏCCÜBÜ

ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Dmitri Taraxovski isə deyir ki, onlar bu bəyanatdan təəccübləniblər:

- Bizim verdiyimiz bəyanatın DİN-in işinə müdaxilə olduğunu düşünmürəm. Mən təəccüblənirəm ki, onlar buna niyə belə baxırlar. Bəli, biz bu gənclərin həbsindən narahatıq. Biz burada səhv heç nə görmürük. Gənclərin həbsi ilə bağlı bizə rəsmi açıqlamalara zidd olan məlumatlar daxil olub. Bəli, bu, doğrudur.

ABŞ səfirliyi iyulun 11-də yaydığı bəyanatda Azərbaycan hakimiyyətini öz vətəndaşlarının hüquqlarına hörmət etməyə çağırmışdı.

HÜQUQ-MÜHAFİZƏ ORQANLARI SİYASƏTLƏ MƏŞĞUL OLURLAR?

«Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğlu deyir ki, hüquq-mühafizə orqanlarının bu bəyanatı onların siyasətlə məşğul olduğuna işarədir. Üstəlik, onun fikrincə, bu, artıq Qərbin aparıcı ölkələrinin diplomatik korpuslarının rəylərinə hörmət edilmədiyinin göstəricisidir.

A.Rəşidoğlu düşünür ki, Adnan Hacızadə ilə Emin Millinin həbsinin arxasında sırf siyasi sifariş durur. Məqsəd xarici dil bilən, ciddi əlaqələri olan və ölkədə demokratikləşmə prosesində maraqlı olan gənclərin fəaliyyət göstərməsinin qarşısını almaqdır:

- Digər tərəfdən, bu, hamıya, gənclər təşkilatlarının fəallarına, yeni siyasətə gələn insanlara bir mesajdır. Siz hakimiyyətin əleyhinə fəaliyyət göstərsəniz ya xüliqanlıqda, ya da narkotikada günahlandırılıb həbs ediləcəksiniz.

A.Rəşidoğlu deyir ki, həm Qənimət Zahidlə Mirzə Sakitin, həm də Əli İnsanovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Rizvan Talıbovun şərlənərək tutulması buna sübutdur.

EŞŞƏK HAQQINDA VİDEO-KLİP

Adnan Hacızadənin atası, Müsavat Partiyasının Divan üzvü Hikmət Hacızadə isə gənclərin həbsini daha çox bu yaxınlarda internetdə yayılan eşşək haqqında video-klipdə görür. Həmin video-klipdə Almaniyadan qayıtmış bir eşşək mətbuat konfransı keçirir və Azərbaycanda nəinki heyvanların, heç insanların belə haqlarına hörmət edilmədiyini deyir.

H.Hacızadə düşünür ki, görünür, bəzi dairələr gənclərin hazırladığı həmin video-klipi düzgün başa düşməyiblər:

- Bax, biz belə bir dəlixanada yaşayırıq.

«Yeni Müsavat» qəzetinin 14 iyul tarixli sayında isə bu gənclərin həbsi ilə bağlı yeni, qəribə versiyalar səslənib. Bu qəzetin adının çəkilməsini istəməyən mənbələrə istinadən bildirdiyinə görə, əslində, onların həbsinə səbəb virtual informasiya məkanındakı xidmətləri deyil. Qəzetin ehtimallarına görə, hakimiyyət dairələrində belə fikirlər formalaşıb ki, bəzi Qərb ölkələri Azərbaycanda «narıncı inqilab» planlaşdırır. Bu gənclərin də Qərb ölkələrinin səfirlikləri ilə sıx əlaqələri qıcıq doğurub.

GÜLMƏLİ FİKİRLƏR YOXSA SİYASİ SİFARİŞ?

Gəncləri müdafiə edən təşkilatlar isə «Yeni Müsavat» qəzetində dərc edilən bu yazıya təkzib hazırlayırlar. Gənclərin Müdafiə Hərəkatının üzvü Ramin Hacılı deyir ki, onlar bununla bağlı qəzetin rəhbərliyi ilə də danışmaq fikrindədirlər:

- Mən ümid edirəm ki, qəzet bu gülməli fikirləri təkzib edəcək. Yox əgər təkzib etməsələr, deməli, bu, siyasi sifarişdir.

Adnan Hacızadə və Emin Milliyə qarşı xüliqanlıq maddəsi ilə cinayət işi açılıb. Məhkəmənin hökmü ilə onların hər ikisi 2 ay həbs cəzası alıblar.
XS
SM
MD
LG