Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:44

Obamanın Moskva səfəri Qarabağ münaqişəsinə nə vəd edir?


Barak Obama Dmitri Medvedevlə görüşür - Moskva, 6 iyul 2009
Barak Obama Dmitri Medvedevlə görüşür - Moskva, 6 iyul 2009
ABŞ prezidenti Barak Obamanın Rusiya səfərində müzakirəsi gözlənilən bir sıra məsələlər Azərbaycanı da yaxından maraqlandırır. Yerli politoloqlar bura enerji məsələlərinə dair müzakirələri, Polşa və Çexiyada raket əleyhinə müdafiə sisteminin quraşdırılmasını, İrana tətbiq ediləcək sanksiyalara Rusiyanın cəlb edilməsini və Əfqanıstana silah-sursatın daşınması üçün Rusiya ərazisindən istifadəni aid edirlər. Üstəlik, əgər ABŞ və Rusiya donmuş münaqişələri də gündəliyə gətirərlərsə, Azərbaycanda ilk növbədə yada Dağlıq Qarabağ düşəcək.

ƏFQANISTANA RUSİYADAN

Barak Obamanın səfəri ərəfəsində Rusiya mətbuatının yazdığına görə, bu ölkənin rəsmiləri ABŞ silah-sursatının onların ərazisindən keçərək Əfqanıstana daşınmasına bir növ indidən yaşıl işıq yandırmaqdadırlar. Politoloq Rasim Musabəyov deyir ki, əgər bu məsələdə razılıq əldə edilərsə, regionda Azərbaycanın əhəmiyyəti azalacaq:

- Əksinə bu məsələdə razılıq əldə edilməsə, ABŞ qarşısında Azərbaycanın əhəmiyyəti artacaq.

İrana sanksiyalar və Qəbələ RLS-i…

Rasim Musabəyov deyir ki, İrana sanksiyaların tətbiq edilməsi də birbaşa Azərbaycanı ilgiləndirən məsələlər sırasındadır. Çünki Azərbaycan Rusiya ilə İranın düz arasında yerləşir.

Politoloq düşünür ki, İrana sanksiyaların tətbiqi istər-istəməz Azərbaycanda da gərginlik yaradacaq. O istisna etmir ki, Rusiya Polşa və Çexiyada raket əleyhinə sistemin quraşdırılması əvəzinə ABŞ-a bir daha Qəbələ RLS-indən istifadəni təklif edəcək. Ancaq Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə nə raket əleyhinə müdafiə sisteminin yaradılmasında, nə İrana sanksiyalarda, nə də NATO-nun genişləndirilməsi məsələsində ciddi yaxınlaşmanın əldə ediləcəyini düşünür:

- Hər halda yeni prezident gəlib və o yeni siyasətdən danışır. Əsas iki məsələdir: NATO-nun genişlənməsi və Rusiyanın tutduğu qeyri-konstruktiv mövqenin dəyişməsi. Rusiya dəyişmək istəmir. Çünki o da ABŞ-a deyir ki, sən mənim sərhədimə yaxınlaşırsan.

YADDAN ÇIXMAZ QARABAĞ

Keçmiş dövlət müşaviri Vəfa Quluzadə isə deyir ki, ABŞ regiondakı donmuş münaqişələrin həllində maraqlıdır. O bu səfərdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə də toxunulacağını güman edir. V.Quluzadə hətta bu münaqişənin həlli ilə bağlı yaxın zamanlarda çox ciddi addımların atılacağını da istisna etmir:

- Əvvəlcə, Azərbaycanın bir-iki rayonu qayıdacaq. Ola bilsin 5 rayon qayıtsın. Bunu prezident İlham Əliyev dedi. Sonra isə status məsələsinə baxılacaq. Ümid var ki, biz Qarabağ kabusundan qurtaracağıq.

Ancaq Vəfa Quluzadə düşünür ki, işğaldan azad edilən rayonlara sülhməramlı qüvvələr adı altında Rusiya qoşunlarının yeridilməsinə razılıq veriləcəyi ağlabatan deyil. Keçmiş dövlət müşaviri düşünür ki, Rusiya və ABŞ arasında soyuq müharibə götürülərsə, bunun regiona çox böyük müsbət təsirləri olacaq. Yox əgər bu səfərdə ciddi razılaşmalar olmasa, soyuqluq əvvəlki kimi davam edəcək.
XS
SM
MD
LG