Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:43

Etirazçıya «müharib» deyən hökumət özünü Allahmı sayır?


Tehran Universitetində Cümə namazı, 26 iyun 2009
Tehran Universitetində Cümə namazı, 26 iyun 2009
«Xarici media İrandan xəbər verməkdə məhdudiyyət altındadır»-, İrandan xəbər verən agentliklər bu cümləni öz xəbərlərinin əvvəlinə yazırlar.

Senzuradan keçən xəbərlər bunlardır.

İrandan son xəbərlər
İranın çox nüfuzlu Ekspertlər Şurasının üzvü Əhməd Xatəmi iyunun 26-da Tehran Universitetində cümə namazında deyib: «Nümayişlərin başçılarını elə möhkəm cəzalandırmaq lazımdır ki, hamıya dərs olsun».

Əhməd Xatəmi hətta cinayət məcəlləsinin maddəsini də deyib. Bu, asayişi pozmaq maddəsi deyil.
Xatəmi deyir ki, nümayiş təşkilatçıları «müharib» kimi cəzalanmalıdırlar. «Müharib» İranda Allahla müharibəyə çıxanlara deyirlər. İrandakı islam qanunu «müharib»ə ölüm cəzasını nəzərdə tutur.

Ancaq maraqlıdır ki, nümayişə çıxanın Allahla müharibə apardığını məhkəmədə necə sübut eləyirlər? Yoxsa hökumət əleyhinə nümayişi Allah əleyhinə nümayiş hesab eləyənlər özlərini Allah sanırlar?

Əsas «müharib» Mirhüseyn Musəvi isə öz veb-saytında yazır ki, o sübut eləyəcək, bu seçki saxtakarlığını kim təşkil edib və tökülən qanlara görə kim cavabdehdir.

Xəbərlərə senzura qoyan hökumət istədiyi məlumatı verir. Dövlət televiziyasının məlumatına görə, bəsicilər nümayişçiləri yox, əksinə nümayişçilər bəsiciləri öldürüblər, özü 8 nəfərini.

12 nəfərlik ali qanunverici orqan olan Mühafizə Şurası isə seçkilərə hakimiyyətin hansı münasibəti bəslədiyinə heç bir şübhə qoymadı. Şuranın sözçüsü Abbasəli Kədxodai bu gün deyib ki, islam inqilabından bəri belə sağlam seçki olmamışdı. O bildirib ki, Musəvinin və Kərrubinin şikayətlərində əhəmiyyətli seçki pozuntusu aşkar olunmadı.

Musəvi ilə görüşdən sonra tutulan 70 professor isə buraxılıb.

İran hadisələrinin xronologiyası
Tehranda sakitlikdir. Bu sakitliyin əlaməti kimi onu göstərirlər ki, Tehran Universitetindəki cümə namazına Ayətulla Xameneyi getməyib, Əhməd Xatəmini göndərib.

Əhmədinejad isə vəziyyət sakitləşən kimi Amerika prezidenti Barak Obamaya hücuma keçib:

«Biz başa düşürük ki, siz, yəni Barak Obama, hələ təcrübə yığırsınız. Çalışırsınız ki nəyin isti, nəyin soyuq olduğunu başa düşəsiniz, ancaq mən sizə kiçik bir məsləhət verərdim. Biz Buş dövrünün moizələrinin təkrar olunmasını istəmirik».

İrandakı hadisələrə kənardan verilən qiymətlərə gəldikdə, böyük 8-liyin xarici işlər nazirlərinin görüşündən sonra Britaniyanın xarici işlər naziri Devid Milibənd deyib ki, xalq öz hökumətini seçə bilməlidir, hökumət isə xalqını qorumalıdır. Bunların ikisi də pozuldu.

«Ekonomist» jurnalı isə yazır ki, küçə davası dayandı. Ancaq yuxarılarda hakimiyyətdaxili dava dayanmayıb. Bu seçkilər Ayətulla Xameneyinin mövqeyini zəiflətdi. Həmişə seçkidən yuxarıda duran Ali Lider saxtakarlığın və zorakılığın tərəfinə keçməklə camaatın və siyasətçilərin gözündə öz imicinə zərbə vurdu.
XS
SM
MD
LG