Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:37

İranda etirazlar davam edir…


İranda Musəvi tərəfdarlarının etiraz aksiyaları davam edir
İranda Musəvi tərəfdarlarının etiraz aksiyaları davam edir
«Dünəndən bu yana 100-ə yaxın tanınmış adam tutulub. Camaat etirazları davam etdirmək fikrindədir. Dünən gecə xiyabanlarda və evlərin damında «Allahu Əkbər» sədaları eşidilirdi. Camaat istəyir ki, bununla öz gücünü bilib İranı xiyabanlara çıxartsın».

Bu Təbrizdən Ramin Xaceinin fikirləridir. O deyir ki, prezident seçkilərində Mahmud Əhmədinejadın qələbəsi elan olunandan sonra İran Azərbaycanının bəzi şəhərlərində - xüsusilə Təbrizdə başlayan etiraz aksiyaları davam edir.

Həmsöhbətimin sözlərinə görə, Təbrizdə prezidentliyə namizədlərdən birinə - Mihüseyn Musəviyə səs verənlər çox olduğu üçün rəsmi nəticəyə güclü etirazlar var. Ona görə də məmurlar gecə səhərə qədər xiyabanlara nəzarət edirlər:

«Təbrizdə tutulanların sayı artıq itib. Amma buna görə polisin qarşısına yığılan ailələrin sayı 250-dən artıq idi. Musəvinin özü dünən gecə saat 2-yə kimi evində saxlanılıb. Amma ona elan edilmişdi ki, biz sənin həyatını qorumaq üçün evində saxlamışıq».

Təbrizdə əlaqə saxladığımız sıravi adamlar deyir ki, İranda internet bağlıdır. Telefonlar əksər hallarda kəsilir. Kommunikasiya məsələlərində problemlər var.

Tehrandan Yasir Zafəri də etiraz aksiyalarından danışır. Deyir İran paytaxtında seçkilərdən sonrakı narazılıq davam edir. Küçələrdə universitetlərdə etirazlar olur. Ancaq Azərbaycanlı fəallar Musəvinin səsinin qorunması ilə bağlı heç bir iş görmürlər. Çünki Musəvi lazımi məqamlarda dəfələrlə müraciət olunmasına baxmayaraq Azərbaycanla bağlı öz mövqeyini ortaya qoymayıb:

«Tehranda narazılıq, qarşıdurmalar olub. İnsanlar xiyabanlara çıxarlar. Amma Azərbaycan üçün çalışanlar bu işə qarışmırlar. Çünki Musəvi özünü türk hesab etmir və Azərbaycandan ötrü də heç bir iş görməyib».

Yasir Zafəri deyir ki, Azərbaycan uğrunda çalışanların çoxu heç seçkilərdə iştirak eləməyib.

Onu da deyim ki, həm Təbrizdə, həm də Tehranda əlaqə saxladığımız adamlar bu etiraz aksiyalarını kiminsə təşkil etməsi fikri ilə razılaşmırlar. Deyirlər ki, rəsmi nəticənin Musəvinin əleyhinə olacağı təqdirdə etirazlar qaçılmaz idi. Çünki seçkilərdən əvvəl aparılan sorğularda o xeyli səs toplamışdı.

Politoloq Zərdüşt Əlizadə hesab edir ki, bu etirazlar onu göstərir ki, prezident Əhmədinejad və dini rəhbər Ayətullah Xamneyi müəyyən mənada İslam demokratiyasına qarşı çıxıblar. Yəni İrandakı hakim zümrə artıq xalqla hesablaşmamağa qərar verib. Bu isə indiyədək son nəticədə özü seçən xalqla hakimiyyət arasında boşluq yaradıb. Bu boşluqdan başqa narazılarla yanaşı xalq özü də istifadə edəcək:

«Əminəm ki, bu addımı ilə hakim rejim güclü səhvə yol verib və bu özünü göstərəcək. Düşünmürəm ki, bu yaxınlarda nəsə bir inqilab baş verəcək və hakimiyyət dəyişəcək. Amma ola bilsin ki, bu hakimiyyətin xeyli zəifləməsinə, İran cəmiyyətində qütbləşmənin dərinləşməsinə gətirəcək».

Bəzi mütəxəssislərin fikrincə, onsuz da İran cəmiyyətində insan hüquqları, etnik məsələlər və sair sahələrdə problemlər mövcuddur. Digər tərəfdən əhali rejimin liberallaşmasını istədiyi halda sərt, radikal, bütün dünya ilə mübarizəyə səsləyən siyasətin şahidi olurdu. Ona görə yaranmış vəziyyət gec-tez öz fəsadını ortaya qoyacaq.

Politoloq Rasim Musabəyov isə deyir ki, baş verənlər İran cəmiyyətinin artıq oyandığını və saxta seçkilərlə barışmaq istəmədiyini göstərir. Əhali Əhmədinejad və onu prezident görmək istəyənlərin ölkəni fəlakətə apardığını anlayırlar. Və bu cür etirazların qarşısını repressiyalarla da almaq çox çətindir. İndiki situasiya İrandakı rejim üçün artıq təhlükə yaradıb və yaradacaq:

«Ona görə ki, bu rejimin böhrandan çıxmaq imkanı yoxdur. Onlar əvvəlki siyasəti davam etdirəcəklər. Sonra mövcud problemlər daha da qabarıq şəkildə ortaya çıxacaq. İndiyədək bu rejimdən nəyisə ucuz qiymətə ala bilən ac-yalavac insanlar onu da ala bilməyəcəklər. Belə olanda bu rejimin güc strukturlarından başqa dəstəyi qalmayacaq. Bunun da nəyə gətirib çıxara biləcəyini biz İranda dəfələrlə müşahidə etmişik».

Rasim Musabəyova görə İranda baş verənlər daxili amillərin hesabınadır. Əgər kənar müdaxilə olsaydı, Tehran təcili hər şeyi Qərb kəşfiyyatının ayağına yazardı. Amma indiki halda cəsarət edib bunu deyə bilmir.
XS
SM
MD
LG