Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:47

Oskanyanın Qarabağa dair üç ssenarisi


Ermənistanın keçmiş Xarici İşlər naziri Vartan Oskanyan
Ermənistanın keçmiş Xarici İşlər naziri Vartan Oskanyan
«Qarabağ probleminin həllinə dair danışıqlarda üç ssenari üzrə nəticə gözləmək olar: İndiki «status-kvo»nun davam etdirilməsi, müharibənin yenidən başlaması və danışıqlar yolu ilə münasib həllin tapılması».

«ƏN YAXŞI YOL «STATUS-KVO»NUN SAXLANMASIDIR»

Bu ssenariləri Ermənistanın keçmiş Xarici İşlər naziri Vartan Oskanyan cızır. O, «Azadlıq» radiosunun baş ofisinə göndərdiyi şərhində yazır ki, indiki mərhələdə bu münaqişənin həllində ən yaxşı yol hazırkı «status-kvo»nun saxlanmasıdır.

Müharibə ehtimalı barədə isə keçmiş nazir bunları yazır: «İkinci ssenari ehtimalı az olan müharibədir. Ermənistanın müharibə üçün bir əsası yoxdur. Əgər Azərbaycan müharibəyə başlasa, yalnız məqsədi münaqişənin «son həlli» olsa, uğur qazana bilər. Amma bu, Ermənistana nisbətən Azərbaycan üçün son dərəcə riskli bir addım olardı».

Oskanyan yazır ki, üçüncü ssenari danışıqlarla hamıya münasib bir sənədin hazırlanmasıdır. Onun qeyd etdiyinə görə, son 15 ildə danışıqlarda beş ciddi təklif irəli sürülüb. Onlardan dördü rədd edilib, biri üzərində isə hələlik müzakirələr davam edir. Və bu istiqamətdə danışıqların davam etməsi hamının marağındadır.

MOSKVA ERMƏNİSTANDAN ƏL ÇƏKSİN, BƏLKƏ ONDA

Azərbaycanda keçmiş rəsmilər isə başqa fikirdədirlər. Azərbaycan prezidentinin xarici siyasət üzrə keçmiş müşaviri, uzun illər Qarabağ danışıqlarında iştirak etmiş Vəfa Quluzadə problemin həllini Ermənistanın xarici güclərin təsirindən azad olmasında görür:

«Rusiya orada öz milli maraqlarını nə hərb, nə sülh variantında gördükcə, danışıqlar hələ bir müddət nəticəsiz olacaq. Bəlkə, Ermənistan xarici güclərdən asılılıqdan azad olandan sonra bir nəticə ola bilər. Ya da Rusiya ilə ABŞ razılığa gəlsə ki, Moskva Ermənistandan əl çəksin, bəlkə onda Ermənistanda rahat nəfəs ala bilər».

MÜNAQİŞƏNİN HƏLLİNƏ XARİCİ AMİLLƏRİN TƏSİRİ

Münaqişənin həllinə xarici amillərin təsirini Vartan Oskanyan da qeyd edir. O, yazır ki, qlobal güclərin regiondakı maraqları, bir-biri ilə münasibətləri, həmçinin ATƏT kimi beynəlxalq təşkilatların qərarlarında və beynəlxalq əlaqələrdə üstünlük təşkil edən davamlı meyllər 1992-ci ildən bəri sülh prosesinin əldə olunmasına mane olur.

Vartan Oskanyan münaqişənin üz-üzə duran dövlətlərin öz daxili vəziyyətin də təsir etdiyini yazır:

«Azərbaycanda və Ermənistanda daxili siyasi vəziyyətin də münaqişənin həllinə təsiri kifayət qədər güclüdür. Neft sahəsində Azərbaycanda iqtisadi dirçəlişə, həmçinin də Ermənistanda iqtisadi inkişafa baxmayaraq hər iki ölkədə siyasi cəhətdə problemlər var. Hər iki tərəfdə sabitliyə baxmayaraq hökumətlərin heç biri müxtəlif səbəblərdən xalqın daha güclü dəstəyini ala bilmir».

Vartan Oskanyanın bu fikirlərini də Vəfa Quluzadə inkar edir. O, deyir ki, indi Ermənistanda daxili siyasi vəziyyət danışıqlara təsir edə bilər, amma Qarabağ probleminə barədə Azərbaycanda hökumətlə xalq arasında fikir birliyi var:

«Azərbaycan xalqı və rəhbərliyi işğal olunmuş torpaqların azad edilməsində birdir, xalq bu mövqedə rəhbərliyi dəstəkləyir. Azərbaycan rəhbərliyi ona görə ərazi bütövlüyü məsələsində təkid edir ki, bunu ondan xalq istəyir».

Bu, Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə keçmiş müşaviri Vəfa Quluzadənin fikirləri idi.

Prezidentlərin Sankt-Peterburqda növbəti görüşünə gəldikdə, həmin görüşü təşkil edən Rusiyanın rəsmiləri, eləcə də Azərbaycanın Xarici işlər naziri dünəndən bildirirlər ki, bu dəfə də nəticə gözləməyə dəyməz.
XS
SM
MD
LG