Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:43

Təhsil Nazirliyinin kompyuter qalmaqalı


Ən ciddi problem rayon məktəblərində yaşanır
Ən ciddi problem rayon məktəblərində yaşanır
2006-cı ildə Azərbaycanda orta məktəblərin kompyuterləşdirilməsi üzrə prezident sərəncamı imzalanıb. Sərəncama əsasən ölkənin bütün orta məktəbləri kompyuterləşdirilməli və vahid şəbəkəyə qoşulmalıdır. Təhsil naziri Misir Mərdanov «Azadlıq» radiosuna müsahibəsində bildirib ki, bununla bağlı ciddi iş gedir, 2009-cu ilin iyun ayında Bakı və Abşeronun orta məktəbləri vahid şəbəkəyə qoşulacaq.

KURS SERTİFİKATI NEÇƏYƏDİR?

Sərəncama görə, Təhsil Nazirliyi orta məktəb müəllimləri üçün kompyuter kursları təşkil etməlidir. Bunun üçün xüsusi maliyyə vəsaiti də ayrılıb. Bakının orta məktəblərində çalışan müəllimlər isə kursların ödənişli, həm də effektiv olmamasından şikayətçidir.

Paytaxtın bir neçə orta məktəbində olduq. Kiçik fərqlərlə durum təxminən eynidir. Yaşlı müəllimlər kompyuteri qavramaqda çətinlik çəkir, nisbətən gənc müəllimlər isə kursların effektiv olmamasından şikayətlənir.

Müəllimlər deyir ki, kompyuter kurslarına maraq göstərsələr də, burda onlara olduqca mücərrəd və praktikada gərək olmayan proqramlar öyrədilir. Özü də iki həftəyə kompyuter haqda anlayışı olmayan müəllimlərin təlim keçib sonradan bunu tədrisdə istifadə etməsi mümkün deyil. Buna görə də hətta bir neçə dəfə təlimlərdə iştirak edən müəllimlər belə, kompyuterdən elementar yararlanma qaydalarını öyrənə bilmirlər.

Müəllimlərin ən böyük şikayəti isə kursların orta məktəblərdə yeni rüşvət mənbəyinə çevrilməsidir. Bəzi orta məktəb direktorları müəllimlərə xəbərdarlıq edib ki, əgər kompyuter kurslarından sertifikat ala bilməsələr, gələn dərs ilində dərs saatları azaldılacaq. Bundan başqa, direktorlar kompyuter kursları üçün müəllimlərdən 50 manat pul tələb edir.

Eyni durumla Bakının Sabunçu, Nərimanov, Əzizbəyov, Xətai, Nəsimi rayonlarında qarşılaşsaq da, müəllimlər müsahibə verməkdən imtina etdilər. Arqumentləri o oldu ki, bununla bağlı mətbuata bilgi verdiklərinə görə, məktəb rəhbərliyinin onları sıxışdıracaqlarından ehtiyat edirlər.

Paytaxtın 132 saylı məktəbinin direktoru Aliyə Təhmasib isə deyir ki, bu məsələ birbaşa Təhsil Nazirliyinin təşkilatçılığı və dövlət vəsaiti hesabına görülüb. Müəllimlərdən kompyuter kursları üçün bir manat belə yığılmayıb:

«Bizim məktəbdə müəllimlərin 80 faizi artıq bu kursları bitirib. Başqa məktəbdə kursları bitirən və trener statusu alan müəllimlər bizim məktəbdə 12 nəfərlik qruplara 2 həftəlik kurs keçib. Bu məsələnin maliyyələşməsi ilə biz yox, Təhsil Nazirliyi məşğul olub».

MƏQSƏD, YOXSA GÖRÜNTÜ?

Suraxanı rayonunun 141 saylı orta məktəbinin dil-ədəbiyyat müəlliməsi Tərlan Əliyeva isə deyir ki, əslində, kompyuteri bilmək hər müəllim üçün vacibdir. Çünki yeni tədris metodlarını öyrənmək, dərsdən kənar bilgiləri tətbiq etmək üçün internetdən yararlanmaq olduqca faydalıdır. Ancaq təəssüf ki, bu, heç də hər zaman məhz müəllimlərə nələrisə öyrətmək üçün deyil, dövlət proqramını yerinə yetirmək görüntüsü yaratmaq üçün edilir.

KOMPYUTERLƏŞMƏYƏ AYRILAN MƏBLƏĞ NƏ QƏDƏRDİR?


Təhsillə bağlı bir neçə araşdırmanın müəllifi olan jurnalist Natiq Güləhmədoğlunun fikrincə, məsələ ilə bağlı ən ciddi problem rayon məktəblərində yaşanır. Kənd məktəblərinin müəllimləri kurslara qatılmaq üçün rayon mərkəzlərinə getməlidir. Bunun üçün onlar artıq vəsait və zaman sərf edirlər. Sonradan isə kənd orta məktəblərinin direktorları onlara kompyuterlərdən yararlanmaq imkanı vermir:

«Elə məktəblər var ki, artıq 2 ildir kompyuterləşdirilib. Kompyuter isə ildə 2-3 dəfə yeniləşməli, təkmilləşməli texnikadır. Fakt odur ki, məktəblərdəki kompyuterlər istifadəsiz qalıb. Bunun üçün dövlət büdcəsindən ayrılan və Təhsil Nazirliyinin bir neçə beynəlxalq maliyyə qurumundan aldığı vəsaitlər səmərəsiz istifadə olunur».

MÜƏLLİMLƏR «ANONİMKA» YAZMASIN…

Təhsil Nazirliyində isə məktəblərin kompyuterləşdirilməsi üçün dövlət büdcəsindən nə qədər vəsait ayrıldığını konkretləşdirməsələr də, vəsaitin olduqca səmərəli istifadə edildiyini düşünürlər. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə:
«Müəllimlərdən kompyuter kurslarının sertifikatı üçün pul tələb edilməsi ilə bağlı Təhsil Nazirliyinə heç bir şikayət gəlməyib. Hökumət müəllimlərin kompyuteri öyrənməsi üçün çox yaxşı imkan yaradıb. Bütün xərclər dövlət hesabına ödənir. Müəllimlərə məsləhət görərdim ki, bu işin üzərinə kölgə salmaqdansa, davamlı olaraq kurslara gəlib kompyuter bilgiləri öyrənsinlər».

Təhsil Nazirliyinin sözçüsü bildirir ki, müəllimlərin kompyuter proqramlarını öyrənmələri məcburidir və bu, gələcəkdə dərslərin interaktiv qaydada keçirilməsinə hazırlıq məqsədi daşıyır.
XS
SM
MD
LG