Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:44

Ərdoğanın Bakı səfəri


İlham Əliyevin adından Rəcəb Tayyib Ərdoğanın şərəfinə nahar, Bakı, 13 may 2009
İlham Əliyevin adından Rəcəb Tayyib Ərdoğanın şərəfinə nahar, Bakı, 13 may 2009
Ərdoğanın bəlağətli nitqi

Ərdoğanın Milli Məclisdəki bəlağətli nitqi deputatların çoxunun xoşuna gəlmişdi. Deputat Pənah Hüseyn hələ parlamentin qarşısındaca müsahibə verib dedi ki, Türkiyənin baş naziri möhtəşəm danışdı - açıqca hər şeyi bəyan elədi. Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov da dedi ki, Rəcəb Tayyib Ərdoğanın çıxışı onun bütün suallarına cavab verdi:

«...Can qardaşlarım, azəri qardaşlarımın uca məclisində özümü öz ölkəmdə danışırmış kimi hiss edirəm...», - Ərdoğan nitqini belə başlayır.

Baş nazir bir millətin iki dövlət olduğunu hər cümləsində hiss etdirməyə çalışdı:

«Azərbaycanda ilk cümhuriyyətin banisi Məmməd Əmin Rəsulzadənin də qəbri Ankaradadır. Tarix boyu eyni nağıllarla böyüdük, eyni musiqiyə duyğulandıq...»

Nəhayət ki, deputatların da, jurnalistlərin də gözlədiyi əsas məsələ - Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər Türkiyə Ermənistanla sərhədləri açmayacaq:

«Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinin səbəb olduğu nəticələr Türkiyənin diqqətindən heç vaxt kənarda qalmayıb».

Baş nazir əlavə etdi ki, Amerika ilə münasibətlərdə də Dağlıq Qarabağdır Türkiyə üçün vacibdi.

«Amerikanın prezidenti Barak Obama, Türkiyənin dövlət başçısı Abdullah Gül və mənim İstanbuldakı görüşümdə əsas məsələ Türkiyə- Amerika münasibətləri yox, Azərbaycan–Ermənistan, Dağlıq Qarabağ münaqişəsi oldu. Biz vurğuladıq ki, münaqişənin həllində onlardan da dəstək gözləyirik».

Amma Ərdoğan əlavə etdi ki, donmuş münaqişələrin həlli regionun inkişafı üçün vacibdir.

Rəcəb Tayyib Ərdoğan deyir ki, ictimaiyyətdə sərhədlərin açılması ilə bağlı olan narahatlığın kökündə bir ermənidilli internet saytın yaydığı informasiya dayanır və bəzi qüvvələrin bundan istifadə etməsinə yol verməyəcəklər. Odur ki, bu vacib məsələni təkbətək danışmaq üçün Bakıya özü gəlib, mediaya etibar etməyib.

Qənirə Paşayeva: «Ümid edirəm bu mövqe «Yol xəritəsi»ndə də yer alacaq»

Deputat Qənirə Paşayeva Ərdoğanın bəyanatlarından razı qalıb. Türkiyəli jurnalistlərə müsahibəsində deyir ki, elə onun Türkiyə səfərində də əsas məqsədi bu idi ki, ictimai narahatlığa son qoysun:

«Ümid edirəm ki, Türkiyə ilə Ermənistan arasında «Yol xəritəsi»ndə də bu açıqlamalar tam şəkildə yer alacaq».

Siyasi şərhçi Azər Rəşidoğlu isə deyir ki, problem heç də sərhədlərin açılması deyildi, onsuz da sərhədlərin açılmayacağını Türkiyə rəsmiləri dəfələrlə demişdi, amma rəsmi Bakı bu bəyanatı qəbul etmək istəmirdi. Bununla da üzünü Türkiyədən və həm də Qərbdən çevirib, Rusiyaya yaxınlaşırdı və sərhəd məsələsini də Rusiyameylli qüvvələr şişirtmişdi. Şərhçi hesab edir ki, Azərbaycan prezidentinin bu dəfə «heç bir şübhə üçün yer qalmadı» deyib, Türkiyə rəsmisinin sərhədlə bağlı bəyanatını qəbul etməsi son hadisələrlə bağlıdır. Azər Rəşidoğlu hesab edir ki, Dövlət Neft Akademiyasında baş verən faciə, general Rail Rzayevin qətlindən sonra Azərbaycan hökuməti başa düşür ki, NATO üzvü olan Türkiyə onun üçün necə vacibdir:

«Amma Türkiyənin xarici siyasəti həmişə çevik olub. Türkiyə sərhədləri təkcə Azərbaycana görə bağlı saxlamır, əgər Ermənistanla arasındakı başqa məsələlər həll olunsa, Azərbaycanı gözləməyəcək və sərhədləri açacaq. Digər tərəfdən isə inanmıram ki, bu tezliklə baş verəcək».

Ərdoğan prezident İlham Əliyevlə də görüşüb. Görüşdən sonra prezident Əliyev deyib ki, Türkiyənin baş nazirinin sərhədlərin açılmayacağına dair bəyanatı açıq-aydındır: «Bu gün mən üzümü Azərbaycan xalqına tutub deyirəm ki, heç bir spekulyasiya üçün, şübhə üçün yer qalmadı».

Ərdoğanın Bakıya səfərindən əvvəl beynəlxalq mətbuat onun Azərbaycanda ürəkləri yenidən fəth etməyə gəldiyini yazırdı. Ekspert Azər Rəşidoğlu deyir ki, Ərdoğan buna nail oldu, indi Azərbaycan ictimaiyyətində gərginlik azalacaq.
XS
SM
MD
LG