Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:56

KİV haqqında qanuna əlavə və dəyişikliklər hazırlanır


Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev
Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev

Yeni Nəsil Jurnalistlər Birliyi Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında qanuna əlavə və dəyişikliklər hazırlayır. Söhbət şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi ilə bağlı maddələrdən, yəni diffamasiya məsələlərindən gedir. Bir aydır ki, prosess ATƏT-lə birlikdə aparılır və təklifin mahiyyəti iyulun 20-də ilk dəyirmi masada müzakirə ediləcək.


Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyir ki, qanunvericiliyə dəyişikliklərin prinsipləri artıq hazırlanıb və beynəlxalq təşkilatların, hüquqşünasların, jurnalist təşkilatlarının iştirakıyla müzakirə olunacaq. Təklifə görə, həm Cinayət Məcəlləsində, həm Mülki Məcəllədə, həm də KİV haqqında qanunda bəzi dəyişikliklər edilməlidir.


«Əsas prinsiplər ondan ibarətdir ki, diffamasiyaya görə cinayət məsuliyyəti, yəni jurnalistlərin həbsi aradan qaldırılsın, ikincisi, cərimənin həddi müəyyənləşdirilsin və üçüncüsü, qanunun bəzi normaları var ki, dəqiq deyil, məhkəmələr tərəfdən ikitərəfli yozuma imkan verir, bu normalar dəqiqləşdirilməlidir».


Bu ilin əvvəlində ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti prezident İlham Əliyevə məktub göndərib təklif edirdi ki, Cinayət Məcəlləsində böhtana görə cəza, şərəf və ləyaqətin təhqiri ilə bağlı məmurların qaldırdığı məhkəmə iddiaları ləğv edilsin və bunun əvəzində cərimələrin məbləği artırılsın.


Bir müddət əvvəl Avropa Şurasının baş katibi Terri Deyvis də qurum üzvlərinə müraciət etmişdi ki, Cinayət Məcəlləsindən həmin maddəni çıxarsınlar.


Bəzi media nümayəndələri fikirləşirlər ki, qəzetlər ümumiyyətlə, simvolik məbləğdə cərimə olunmalıdırlar. Ancaq Arif Əliyevin sözlərinə görə, cərimələr elə bir həddə olmalıdır ki, nə cəzasızlıq mühiti yaratsın, nə də ki, söz azadlığına təsir göstərsin. Eyni zamanda da KİV-lərin hər hansı bir səhvə görə boğulmasına gətirib çıxarmasın.


Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı isə deyir ki, konkret olaraq Gürcüstan və Ukraynada Cinayət Məcəlləsindən böhtana görə maddə çıxarılıb və nəticədə mediada elə bir xüsusi dəyişiklik baş verməyib: «Diffamasiyaya görə jurnalisti cinayət məsuliyyətinə cəlb etmək perspektivsiz bir şeydir. Çünki Avropa Konvensiyasının 10-cu maddəsinə uyğun olaraq, Avropa Məhkəməsi baxdığı bütün işlərdə jurnalistin sözə, fikrə görə cinayət məsuliyyətinə cəlb olunmasına qeyri-adekvat addım kimi baxır. Bu baxımdan həmin maddənin Cinayət Məcəlləsində qalmasının heç bir mənası yoxdur».


Sentyabrda ATƏT nümayəndəsi Mikloş Haraşti Bakıya gələcək və növbəti müzakirələrdə iştirak edəcək. Ümumi müzakirələrdən sonra qanun layihəsi hazırlanacaq, cənab Haraştinin ofisi onu ekspertizadan keçirəcək və sonra nəticələr Azərbaycan hökumətinə təqdim ediləcək. Bundan sonra sənəd baxılmaq üçün Milli Məclisə təqdim olunacaq.


KİV haqqında qanuna əlavə və dəyişikliklərin hazırlanmasına başlamazdan əvvəl Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsi ilə də məsləhətləşmə aparılıb.


XS
SM
MD
LG