Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:51

Bakının meri olmalıdırmı?


Bakı şəhəri
Bakı şəhəri
Təxminən bir aydan sonra Azərbaycan Avropa Şurası üzvləri arasında meri olmayan yeganə ölkə olacaq. Çünki artıq Ermənistan da mayın 31-də mer seçkisi keçirməyə hazırlaşır. Azərbaycanda isə nə mer institutu var, nə də bu barədə müzakirə gedir.

Başqa ölkələrin təcrübəsinə söykənən yerli mütəxəssislər isə deyirlər ki, Azərbaycanın iri şəhərləri yerli özünü idarəetmə strukturlarına tapşırılmalıdır.

Bu missiyanı kim daşımalıdır? Bələdiyyə, yoxsa prezidentin təyin etdiyi icra hakimiyyətləri? Bu suallara aydınlıq gətirməzdən əvvəl qeyd edək ki, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi yerli özünüidarəetməylə bağlı 2003 və 2007-ci illərdə üzv ölkələrə tövsiyələr verib. «Paytaxt şəhərlərinin idarə olunması haqqında» olan sənəddə qeyd olunur ki, paytaxt şəhərlərinə şərait yaradılmalıdır. Elə səviyyədə resurslar təqdim olunmalıdır ki, onlar öz adminstrativ funksiyalarını müstəqil həyata keçirə bilsinlər. Sənəddə o da əks olunub ki, istənilən paytaxt şəhərinin idarə olunmasının əsas şərtlərindən biri vətəndaşların qərar qəbulu prosesində iştirakının təmin edilməsidir.

Yeri gəlmişkən, martın 18-də ölkədə keçirilən referendumda Konstitusiyaya yerli özünüidarəetmə orqanlarıyla bağlı dəyişiklik edildi. Amma bu dəyişiklik yerli və beynəlxalq ekspertlər, o cümlədən Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi tərəfindən dəstəklənmədi. Əksinə, onlar öz narahatlıqlarının bildirdilər ki, bu dəyişiklik yerli özünüidarəetmə orqanlarına nəzarəti gücləndirəcək.
2007-ci ildə isə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi «Paytaxt şəhərlərinin statusu haqqında» daha bir tövsiyə qəbul eləyib. Sənəd mərkəzi şəhərlərdə vahid yerli özünüidarə prinsiplərinin tətbiqini nəzərdə tutur. Tövsiyədə bildirilir ki, mərkəzi hökumətin nəzarəti altında olan qurumlar paytaxtın yerli özünüidarə qurumlarının fəaliyyətini kompensasiya edə bilməz.

Bəs Azərbaycanda necə, bu tövsiyələrə əməl olunurmu?

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev deyir ki, hələlik bu tövsiyələrə əməl olunmayıb. Nə paytaxt statusu haqqında qanun qəbul olunub, nə də şəhərlərin idarə olunması üçün mexanizm hazırlanıb.

2003-cü ildəki tövsiyəyə istinad edən ekspert xatırladır ki, bu sənədin 8-ci maddəsində Bakı şəhərinin seçilmiş Şura tərəfindən idarə olunması tövsiyə olunub. Rövşən Ağayevin sözlərinə görə, iri şəhərlərin idarə olunmasında vahid şuranın, meriya institutunun yaradılması vacibdir:

«Məsələn, Nizami rayonunun Suraxanı rayonunla, Səbail rayonunun Nəsimi rayonun sərhədləri varsa və onların infrastruktur eyniliyi varsa, bəzən bir sıra problemlər yaranır. Tutaq ki, bir ərazidə kanalizasiya problemi yaranıb, sərhəd rayonla da bu problemin əlaqəsi var. Belə vəziyyətdə bir rayon rəhbərliyi o birisini gözləyir ki, görən nə qərar verəcək. Bu tip, yəni bir qəsəbənin, ərazinin sərhədlərini aşan problemləri həll eləmək üçün Vahid Şura, şəhər meriyası yaradılmalıdır».

Ekspert Rövşən Ağayev ölkədə meriya institutunun yaradılması üçün Konstitusiya islahatına ehtiyac görür. Onun sözlərinə görə, Əsas Qanunda yerli idarəetmə və yerli hakimiyyət anlayışı yoxdur. Müsahibimizin fikrincə, meriya institutun yaradılmasında hüquqi çətinliklərin ortaya çıxmaması üçün Konstitusiyada bu, öz əksini tapmalıdır.

Yeri gəlmişkən, martın 18-də ölkədə keçirilən referendumda Konstitusiyaya yerli özünüidarəetmə orqanlarıyla bağlı dəyişiklik edildi. Amma bu dəyişiklik yerli və beynəlxalq ekspertlər, o cümlədən Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi tərəfindən dəstəklənmədi. Əksinə, onlar öz narahatlıqlarının bildirdilər ki, bu dəyişiklik yerli özünüidarəetmə orqanlarına nəzarəti gücləndirəcək.

Meriya institutu yaradılmazdan qabaq isə paytaxtın statusuyla bağlı ayrıca qanun qəbul olunmalıdır. Bakının Yasamal rayon bələdiyyəsinin sədr müavini Əli Əkbərli deyir ki, belə bir qanunun qəbulundan sonra iri şəhər bələdiyyələrinin yaradılması mümkündür:

«Status müəyyənləşəndən sonra hökmən Bakı şəhər bələdiyyəsi yaradılmalıdır. Ona da seçkilər birbaşa keçirilməlidir. Bələdiyyənin sədri, üzvləri birbaşa seçilməlidir».

Şəhər bələdiyyələri meriya institutunun bazası ola bilər. Bunu isə Milli Məclisin Regional Məsələlər Daimi Komissiyasının sədr müavini Tahir Rzayev deyir. Amma onun fikrincə, hələlik merlik missiyası yerli icra hakimiyyətlərinə tapşırılmalıdır:

«Əgər Azərbaycanda ali icraedici orqan varsa, hesab eləyirəm ki, bu, yerli icra hakimiyyətlərinə tapşırılmalııdr. Əgər gələcəkdə yerli özünüidarəetmə orqanları yüksək şəkildə qurularsa, fəalliyyətlərini genişləndirərsə, vətəndaşların tələbatını ödəyərsə, onda bu missiyanın onlara həvalə edilməsi xeyirli olar».

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayev isə deyir ki, meriya institutu seçkili orqan olduğu üçün bu missiyanı bələdiyyələrə vermək daha optimal variantdır. Onun fikrincə, şəhər idarəçiliyində model tapmaq asandır, çünki dünya təcrübəsi var. Ancaq bu modeli tətbiq etmək üçün siyasi maraq olmalıdır. Rövşən Ağayev deyir ki, rayonlarda icra hakimiyyətini saxlayıb qəsəbə və kəndləri yerli özünüidarəetməyə vermək mümkündür. Amma Bakıyla və digər iri şəhərlərlə bağlı bu modeli tətbiq etmək çətindir. Ona görə də onlar hökumətə təqdim etmək üçün təkliflər hazırlayıblar.

İndi parlamentin Regional Məsələlər üzrə Daimi Komissiyasında kiçik bələdiyyələrin birləşdirilməsiylə bağlı müzakirələr gedir. Ancaq bu müzakirələrin şəhər bələdiyyəsindən də o yana, yəni mer institutunu yaradılmasına gedib çıxacağını, yoxsa, danışıqların elə iri bələdiyyələr yaradılması qərarıyla yekunlaşacağını hələlik nə parlamentdə, nə də bələdiyyələrdə bilirlər.

Komissiyanın üzvü Rüstəm Xəlilov isə bir müddət əvvəl «Azadlıq» radiosuna bildirmişdi ki, yaxın vaxtlarda paytaxtın statusu haqqında qanunun qəbulu gözlənilmir. Amma «2008-2015-ci illərdə Azərbaycanda Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf Proqramı»nda böyük şəhər bələdiyyəsinin normativ sənədinin hazırlanması nəzərdə tutulur. Mütəxəssislər isə ümid eləyirlər ki, paytaxt statusu elə bu sənəddə öz əksini tapacaq. Və Bakı da mer seçkisinə hazırlaşacaq.

Həmçinin oxu:

Tbilisiyə necə mer lazımdır?

Yerevan özünə ağsaqqal - mer seçməyə hazırlaşır

XS
SM
MD
LG