Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:40

Təhsil Nazirliyi ilə aclıq edən tələbələrin görüşü baş tutdu


Müstəqil Azərbaycan Universitetinin dördüncü kurs tələbələri də təhsillərini başqa ali məktəbdə davam etdirəcəklər. Bu barədə razılıq iyunun 21-də Təhsil Nazirliyi ilə Müstəqil Azərbaycan Universitetinin artıq 21 gündür aclıq edən tələbələrinin yaratdığı Tələbə Komitəsi və Amerika Hüquqşünaslar Assosasiyasının nümayəndəsi Robert Aysmanın qatıldığı danışıqlarda əldə olunub. Bundan əvvəl Təhsil Nazirliyi həmin Universitetdə təhsil alan 3-cü kurs tələbələrinin də başqa ali məktəblərə köçürülməsinə razılaşmışdı.


Nazirliyin icra aparatının rəhbəri İlham Pirməmmədovun sözlərinə görə, dördüncü kurs tələbələri bu istəklərini son bir ildə MAU ətrafında yaranmış problemlər üzündən tədrisin pozulması və onların diplom müdafiəsinə hazır olmamaları ilə izah ediblər. Nazirlik də bunu müsbət qiymətləndirib.


Tələbə Komitəsinin sədri Elnur Məmmədov 400-ə yaxın ikinci kurs tələbəsi ilə bağlı qismən irəliləyiş əldə olunduğunu, amma razılaşmaya görə bu haqda mətbuata açıqlama verilməyəcəyini deyir.


Ancaq cənab Pirməmmədovun sözlərinə görə, bu haqda hər hansı razılaşma yoxdur. Sadəcə, danışıqlarda iştirak edən Robert Aysman təklif edib ki, onlardan yüz nəfər seçilərək gələn il yenidən ali məktəbə imtahan vermək üçün qurumun hesabına hazırlaşdırılacaq.


Elnur Məmmədov bildirir ki, onlar aclığı tam nəticə əldə olunanadək, yəni ikinci kurs tələbələri də digər ali məktəbə köçürülənədək davam etdirəcəklər.


Təhsil Nazirliyi qanunsuz tələbə qəbuluna görə MAU-nun lisenziyasını ləğv edəndən sonra testdən kənar qəbul olunan ikinci kurs tələbələrinin aqibəti sual altında qalıb.


XS
SM
MD
LG