Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:34

İslam Konfransı Təşkilatının təsir imkanları


İslam Konfransı Təşkilatının emblemi
İslam Konfransı Təşkilatının emblemi

Bir çox ekspertlər hesab edir ki, İKT o qədər də güclü qurum deyil, amma bunun əksini söyləyənlər də var


Bir çox ekspertlər hesab edir ki, İslam Konfransı Təşkilatının (İKT) hər hansı problemin həllinə heç bir təsir imkanı yoxdur. Çünki, İKT özü o qədər də güclü qurum deyil. Ancaq bu fikirin əksini söyləyənlər də var.


Milli Məclisin Beynəlxalq Əlaqələr Daimi Komissiyasının sədri, Azərbaycanın AŞ-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyir ki, beynəlxalq qurumlarda, o cümlədən də İKT-də hər hansı problemin qaldırılması həmin məsələnin həllinə təsirini göstərir. Belə ki, BMT-də həmin problemə baxıldıqda beynəlxalq təşkilatların ona münasibəti də öyrənilir və bu qərar qəbul olunarkən təsirini göstərir. «Hər hansı problem İKT-də qaldırılırsa, bu o deməkdir ki, artıq onun üzvü olan 57 ölkədə bu barədə rəy formalaşdırılır. Həmin rəyin arxasınca isə konkret dövlətlərin atacağı addımları əsaslandırılır və bu qanun çərçivəsinə salır».


Cənab Seyidov əlavə edir ki, beynəlxalq təşkilatlarda qəbul olunmuş qərarlar dünya ölkələrinin bir qrupunun mövqeyi kimi dəyərləndirilir. Onun fikrincə, İKT-nin toplantısının Bakıda keçirilməsi Dağlıq Qarabağ probleminin həllinə təsir baxımından da əhəmiyyətlidir.


Politoloq Vəfa Quluzadə isə hesab edir ki, hazırda dünyanın bütün müsəlman ölkələrinin rəhbərləri ABŞ-ın və ümumən Qərbin təsiri altındadır. İKT müsəlman dövlətlərinin problemlərinin - həmçinin də Dağlıq Qarabağ münaqişəsinin həllini istəsə də ona təsir etmək imkanında deyil. «İKT fəal təşkilat deyil. Bu müsəlmanların bir yerə yığışıb sadəcə dərdləşməsi üçün yaradılmış forumdur».


Vəfa Quluzadənin fikrincə, İKT üzvləri yaxşı bilirlər ki, nəyi etmək olar, nəyi yox. Ona görə də Fələstin problemi və sair bu kimi məsələlər indiyə qədər həllini tapmır.


İKT-nın toplantılarını bəzi dövlət rəsmilərinin görüşü baxımından səmərəli adlandıranlar da var. Ümumi konfransdan əvvəl və ya sonra bir sıra ölkələrin rəhbər şəxslərinin təkbətək görüşləri olur. Bu zaman onlar ölkələrinin problemlərini müzakirə edirlər. İKT-yə üzv dövlətlərin Bakı yığıncağı zamanı da belə görüşlər müşahidə olundu. İranın, Türkiyənin və bəzi başqa ölkələrin XİN rəhbərləri öz aralarında görüşlər keçirdilər. Onu da deyim ki, tədbir iştirakçıları konfransın əhəmiyyətindən ümumi danışdıqları halda, belə görüşlərin faydasından konkret misallarla danışırlar.


Qafqaz Araşdırmaları Mərkəzinin direktoru Xaləddin İbrahimli isə nəinki, İKT-nin özünün, bu təşkilata üzv olan bir çox dövlətlərin də dünyada ciddi nüfuz sahibi olduğunu və ya təsir imkanlarının artdığını deyir. Onun sözlərinə görə beynəlxalq aləmdə təşkilatın mövqeyi getdikcə güclənir. İKT-də qəbul olunan qərarlara dünya ciddi yanaşır.


Ekspert deyir ki, bəzi İKT üzvləri həm də Avropa Şurasının (AŞ) üzvləridir. Onların AŞ-da nüfuzunun artması həm də İKT-nin təsir imkanlarını artırır. Həmin dövlətlərin vasitəsilə İKT müəyyən məsələlərin həllinə təsir edə bilər. Bundan əlavə, təşkilata üzv olan böyük dövlətlər var ki, onlar BMT-yə də təsir etmək imkanına malikdirlər. Bu dövlətlərin ixtiyarında dünyanın karbohidrogen ehtiyatlarının böyük bir hissəsinin olması isə onları iqtisadi sahədə söz sahibi edir. Bütün bunlar isə İKT-nin bəzi problemlərin həllinə təsir imkanlarını artırır.


XS
SM
MD
LG