Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:31

İnəklərin ümidinə qalan qədim Xocahəsən


Bu kənd 17-ci əsrdə yaşamış zəmanəsinin tanınmış taciri Xoca Həsənin şərəfinə belə adlandırılıb
Bu kənd 17-ci əsrdə yaşamış zəmanəsinin tanınmış taciri Xoca Həsənin şərəfinə belə adlandırılıb
Bakıya ən yaxın kəndlərdən biri olan Xocahəsən indi inəklərin ümidinə qalıb. Tarixi mənbələrdə qeyd olunur ki, bu kənd 17-ci əsrdə yaşamış zəmanəsinin tanınmış taciri Xoca Həsənin şərəfinə belə adlandırılıb. Qədim İpək yolunun üstündə yerləşən bu kəndin əhalisi əvvəllər ticarətlə məşğul olsa da, indi əsas məşğuliyyət heyvandarlıqdır.

Başlayaq Xocahəsənin yollarından. Yaşayış massivinin qarşısından keçən yol yenidən qurulsa da, kəndin küçələrinin nə vaxt asfaltlanmasını ən yaşlı sakin belə xatırlamır. Elə bu səbəbdən də sakinlər qış aylarında Xocahəsən kəndində gediş-gəlişin xeyli çətinləşdiyini deyirlər.

Bakının bir neçə addımlığında yerləşməsinə baxmayaraq kəndin kanalizasiya sistemi də yoxdur. Çirkab sular Xocahəsənin ortasından keçən açıq kanallarla yaxınlıqdakı gölə axır. Bu səbəbdən yay aylarında kəndin havası dözülməz olur.

Bu kənddən hər gün paytaxta xeyli süd-qatıq aparılır. Amma adamların yeganə gəlir mənbəyi olan heyvandarlıq da yavaş-yavaş sıradan çıxmaqdadır. Sakinlər deyirlər ki, əgər əvvəllər kəndin dörd bir tərəfi boş ərazilər, otlaqlar idisə, indi ətrafda bir metr də olsun boş yer qalmayıb. Bütün torpaqlar satılıb.
Xocahəsən indi inəklərin ümidinə qalıb
Kənd sakini Eldar Əhmədov deyir ki, bu baxımdan da adamlar qış-yay heyvanları qapalı şəraitdə saxlayırlar:

«Gündə 15 manat qazancımız olur. Onun 10 manatı inəklərə, 5 manatı da bizə, ailəyə qalır».

Xocahəsənlilərin ürəyi doluydu. Kənddə olduğum müddətdə başıma xeyli adam toplaşıb problemlərini bölüşdü. Kənd sakinləri kütləvi işsizlikdən narazıdırlar. Deyirlər ki, prezident seçkilərində hamı bir nəfər kimi gün-güzəranlarının düzələcəyi ümidilə indiki dövlət başçısına səs veriblər. Kənd sakini Mahmud Cəfərov deyir ki, buna rəğmən keçən müddətdə onların həyatında müsbətə doğru hər hansı bir dəyişiklik olmayıb:

«Bircə kəndin qarşısından keçən magistral yol yenidən çəkilib. Amma həyatımızda heç nə dəyişməyib. Mən əvvəllər əkinçi idim, elə indi də əkinçi olaraq qalmışam, uşaqlarım əvvəllər qoyun otarırdı, elə indi də qoyun otarırlar».

Çirkab sular Xocahəsənin ortasından keçən açıq kanallarla yaxınlıqdakı gölə axır
Adamlar deyirlər ki, bəlkə də işsizlərin sayı baxımından Xocahəsən Bakı kəndlərinin hamısından irəlidədir. Sakinlərin sözlərinə görə, kəndin ətrafında fəaliyyət göstərən bir sıra iri müəssisələrdə bir nəfər də olsun kənd sakini işləmir.

Amma Xocahəsən kəndinin ortasında fəaliyyət göstərən yeganə müəssisənin - quşçuluq fabrikinin işləməsini isə sakinlər özləri istəmirlər. Deyirlər ki, bir tərəfdən, həmin fabrikdən çıxan tullantıların qoxusundan ərazidə yaşamaq mümkün deyil. Digər tərəfdənsə kənd sakinləri narahatdırlar ki, həmin quşçuluq müəssisəsində nə vaxtsa «quş qripi» peyda ola bilər. Hətta sakinlər kənddə işləyən yeganə müəssisənin dayandırılmasıyla bağlı Milli Məclisdən tutmuş Prezident Aparatına qədər hər yerə müraciət ediblər. Hələlik şikayətlərinə baxan olmayıb. Sakinlərə görə, belə zərərli iş yerlərinin olmasındansa olmaması yaxşıdır:

Sözsüz...
«Dedilər aparat quraşdırılacaq ki, ətrafa pis qoxu yayılmasın, amma heç bir aparat qurulmayıb. İydən-qoxudan həmin yerdən keçmək mümkün deyil. Allah iraq eləsin «quş qripi» virusu gəlsə, xəstəlik olsa, kənd bütün məhv olar».

Kənd sakinləri deyirlər ki, çoxsaylı problemləri olsa da, əvvəlki kimi buna etiraz etmirlər. Çünki üç-dörd il əvvəl işıq-qazla bağlı keçirdikləri etiraza görə, kənd sakinlərindən bir neçə nəfəri 10 sutkalıq həbs edilib. O vaxt həbs edilənlərdən biri Məhəmməd Əliyev deyir ki, indi hansısa problemlə bağlı səsini çıxarmaq istəyəndə adama müxtəlif yerlərdən təzyiqlər göstərirlər:

«Suya görə səsini çıxarırsan, adamı sıxırlar, qaza görə dinirsən, təzyiq edirlər. Kasıb kənddir. Şəxsən mən etiraz etmişdim, getdim 10 sutka yatdım. Evdə bir qəpik yox idi. Kim istəyər ki, gedib həbsdə yatsın, övladları ac qalsın».

Hətta Xocahəsən sakinləri mövcud vəziyyətə şeir də qoşublar:

Şalvarı göy,
«paloska»sı qırmızı,
Səs eləməyin,
gəlib aparar hamınızı…
XS
SM
MD
LG