Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:49

«Nyu Fakt» və «Gün» qəzetlərinə qarşı cinayət işi qaldırılıb


Bakı şəhər Prokurorluğu «Nyu Fakt» və «Gün» qəzetlərinə qarşı cinayət işi qaldırıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyevin verdiyi məlumata görə, cinayət işi bu qəzetlərdə İranın keçmiş dini lideri Xomeyni və indiki dini lideri Xamneyi barədə kollaj [karikatura] və məqalələr dərc edildiyinə görə qaldırılıb:


«Onlar İranın dini və dövlət xadimlərinin təhqir olunmuş şəkildə kollajlarını çap ediblər. Vətəndaşların müraciəti əsasında həmin qəzetlərə qarşı cinayət işi qaldırılıb».


Mətbuat Şurasından bildirdilər ki, həmin qəzetlərin dövriliyi sabit deyil, arabir nəşr edilir. Mətbuat Şurasının sədri Əflatun Amaşovun sözlərinə görə, «Gün» qəzetiylə bağlı onlara da bir neçə şikayət gəlib:


«Mətbuat Şurasına «Gün» qəzetindən 10-a yaxın şikayət daxil olub. Şikayət edənlər təhqir olunduqlarını, şərəf və ləyaqətlərinin alçaldığını bildiriblər. Həmin şikayətləri araşdırmışıq, faktlar təsdiq olunub. Bir müddət əvvəl «Gün» qəzetiylə bağlı biz Respublika Prokurorluğuna müraciət etmişdik. «Nyu Fakt» qəzetiylə bağlı isə bizə şikayət daxil olmayıb. Ancaq təəssüf ki, bu qəzetdə də qonşu ölkənin rəhbərliyi təhqir olunub».


Orta Asiya və Cənubi Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət isə deyir ki, karikaturaya görə cinayət işi qaldırılması yolverilməzdir: «Azərbaycanın hüquq-mühafizə orqanları tələskənliyə yol verməməlidirlər. Mən bunu jurnalist etikası məsələsinə aid edirəm, nəinki cinayət məsələsinə. Belə olmasaydı, Məhəmməd Peyğəmbərin karikaturasını çəkən danimarkalı karikaturaçıya ömürlük həbs cəzası kəsərdilər».


Respublika Prokurorluğundan verilən məlumata görə, hər iki qəzetə qarşı cinayət işi ayrı-ayrı vətəndaşların şikayəti əsasında qaldırılıb.


XS
SM
MD
LG