Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:50

Jurnalistlərə silah verilsə…


Azərbaycan jurnalistləri mitinqdə, 2005
Azərbaycan jurnalistləri mitinqdə, 2005

Daxili İşlər Nazirliyində jurnalistlərin silah daşımasını real saymırlar və deyirlər ki, kimsə həyatına təhlükə hiss edirsə, hüquq-mühafizə orqanlarına müraciət etməlidir


«Bizim yol» qəzetinin redaktoru Bahəddin Həziyevin döyülməsi media əməkdaşları arasında həmişə müzakirə olunan bir mövzunu yenidən gündəmə gətirib: Jurnalistlər silah gəzdirə bilərmi?


Suala cavab verməzdən əvvəl deyək ki, silah gəzdirmək istəyən jurnalistlərin əksəriyyəti döyülmə və təqib olunmaları ilə bağlı bir neçə dəfə hüquq-mühafizə orqanlarına şikayət edən və narahat həyat-tərzi keçirənlərdir. Onlardan biri də «Zerkalo» qəzetinin əməkdaşı İdrak Abbasovdur. Cənab Abbasov ötən il müxalifətin icazəsiz aksiyalarının birində iki polis əməkdaşının zorakılığına məruz qaldığını deyir. Ancaq onun sözlərinə görə, şikayət etdikdən sonra həmin polislər nəinki cəzalandırılmayıblar, əksinə o, özü uzun müddət hədə-qorxulara məruz qalıb: «Məni evdən işə, işdən evə qardaşlarım, xalam uşaqları aparıb-gətirirdi. Yanımızdan hansısa bir maşın keçəndə belə mən narahat olurdum».


O ki, qaldı jurnalistlərə silah daşıma hüququnun verilməsi imkanlarına, «Xidməti və mülkü silah haqqında» qanun bunu istisna etmir. Düzdür, həmin qanuna görə, jurnalistlər xidməti silah daşıya bilməzlər. Ancaq bu qanunun 7-ci maddəsində deyilir ki, 18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşı mülkü silah əldə edə bilər. Yalnız narkotik maddə qəbul edənlər, ruhi xəstələr və polis orqanlarında əməliyyat uçotunda olan şəxslər silah əldə etmək hüququndan məhrumdurlar.


Ancaq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov jurnalistlərin silah daşımasını real saymır. Deyir ki, əgər hər hansı jurnalist həyatına təhlükə hiss edirsə, hüquq-mühafizə orqanlarına müraciət etməlidir. O, üstəlik jurnalistlərə qarşı törədilən cinayətlərin ört-basdır edilməsiylə bağlı səslənən iddiaları da qəbul etmir: «Cinayətlərin açılma faizinə görə, Azərbaycan dünyada öndə olan ölkələrdəndir».


Ancaq silah gəzdirmək istəyən jurnalistlərin də öz arqumentləri var. «Qanun» jurnalının redaktoru Şahbaz Xuduoğlu deyir ki, əgər dövlət jurnalistlərin təhlükəsizliyinə real təminat versəydi, media əməkdaşlarının silah gəzdirməsinə ehtiyac olmazdı: «Mən əminəm ki, jurnalistlərə qarşı cinayətləri yüksəkçinli məmurlar törədir. Gərək yuxarıdan onlara göstəriş versinlər ki, bu prosesi durdurun. Bu göstərişi biz verə bilmərik. Bu istiqamətdə beynəlxalq təşkilatların da səyləri reaksiyasız qalıb. Onda biz nə etməliyik? Məcburuq ki, silah gəzdirib özümüzü qoruyaq».


Cənab Xuduoğlu deyir ki, əksər hallarda jurnalistlər onları oğurlayıb, təhqir edən şəxsləri tanımır. Ona görə də, məhkəməyə müraciət etmək belə, bir nəticə verməyəcək.


Jurnalistlərə xidməti silah daşımaq hüququnun verilməsi ilə bağlı təklifə elə media əməkdaşları arasında da qeyri-ciddi münasibət bəsləyənlər var. Onlar hesab edirlər ki, nə qədər ki, Azərbaycanda söz və mətbuat azadlığı tam təmin edilməyib, jurnalistlər silah gəzdirsə belə, bu mövcud təhlükələrdən sığortalanmağa imkan verməyəcək. Bunun xaos yarada biləcəyini deyənlər də var, silahlı olduğuna görə, jurnalisti döyməkdən çəkinib onun uzaqdan öldürülməsinin üstün tutulacağını söyləyənlər də. Əlbəttə, əsas olan ölkədə jurnalistlərlə zor gücünə danışmaq zərurətini aradan qaldırmaqdır.


XS
SM
MD
LG