Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:57

Azərbaycanda dövlət büdcəsinə ictimai nəzarət varmı?


Büdcə barədə ümumi məlumat Maliyyə Nazirliyinin internet saytında yerləşdirilir
Büdcə barədə ümumi məlumat Maliyyə Nazirliyinin internet saytında yerləşdirilir

Parlamentin iqtisadi siyasət komissiyasının sədri Ziyad Səmədzadə deyir ki, bundan sonra dövlət büdcəsinin xərclərinə ictimai nəzarəti gücləndirilməsi üçün çalışacaq


Küçədə təsadüfən qarşımıza çıxan Bakı sakinlərindən soruşanda ki, büdcənin hara və necə xərclənməsindən xəbərləri olurmu, dedilər o qədər problemləri var ki, bu məsələ ilə maraqlanmaq ağıllarına da gəlmir. Elə qeyri-hökumət təşkilatları da narahatdırlar ki, Azərbaycanda vətəndaşlar onların vergiləri ilə yığılan büdcə pullarının xərclənməsinə belə biganədirlər.


Media məsələləri üzrə ekspert Zeynal Məmmədli düşünür ki, jurnalistlər büdcə haqqında cəmiyyətə yaxşı məlumat veriə bilmir: «Adamlar öyrəşiblər ki, onların əvəzindən rəhbər hər şeyi həll etsin, bütün qərarları versin. Bu psixologiya indi də qalır. Media da cəmiyyətə anlaşıqlı mesaj vermir. Biz büdcəni anlayışlı dildə analiz edə bilən jurnalistlər yetirməliyik».


Amma jurnalistlər büdcəni təhlil etmək üçün büdcə ilə bağlı məlumatları vaxtında əldə edə bilməlidir. Azərbaycanda bu, bir qədər çətindir. Büdcə tərtib olunanda, yəni, onun hansı mənbələr hesabına doldurulması və hara xərclənməsi müəyyənləşəndə bu barədə ictimaiyyətə məlumat verilmir. Büdcə layihəsini əsasən, hökumət özü, ictimai təşkilatların iştirakı olmadan tərtib edir.


Sonra büdcə layihəsi müzakirə üçün parlamentə təqdim olunur. Yeri gəlmişkən, Azərbaycan qanunvericiliyinə görə, büdcəyə ictimai nəzarət də elə bu mərhələdə olmalıdır, yəni, deputatlar ictimaiyyətin nümayəndələri kimi, büdcənin icrasına münasibət bildirməlidirlər. Amma parlamentin mayın 23-də keçirilən iclasında ötən ilin büdcəsinin necə yerinə yetirilməsinin müzakirəsinə vaxtın az ayrılması müxalifətdən olan deputat Pənah Hüseynin etirazına səbəb oldu, parlamentdə mübahisə düşdü. Bir sözlə, müşahidələrə əsaslanıb demək olar ki, parlamentdə büdcənin müzakirəsinə az vaxt ayrılır, çox vaxt deputatların bu müzakirələrdə iştirak etməyə həvəsləri olmur.


«Şəffaf büdcə» layihəsinin rəhbəri, iqtisadçı Qubad İbadoğlu deyir ki, onlar QHT kimi dəfələrlə parlamentə müraciət ediblər ki, büdcənin müzakirəsində iştirak etsinlər, amma nəticəsi olmayıb, deputatlar çox vaxt büdcəni hökumətin göndərdiyi kimi də təsdiqləyirlər.


Beləcə, adamlar bir də büdcə qəbul olunandan sonra onunla tanış ola bilirlər. Təsdiqlənmiş büdcə barədə ümumi məlumat Maliyyə Nazirliyinin internet saytında yerləşdirilir, bir də «Azərbaycan» qəzetində dərc olunur. Amma sadə vətəndaş da, QHT də büdcənin xərclərinin bölüşdürülməsində iştirak edə bilmir. Bəs, görəsən, sadə vətəndaş büdcənin necə xərclənməsi ilə maraqlana bilsəydi, o nə əldə edə bilərdi?


Qubad İbadoğlu: «Şəffaflıq olmasa, nə pensiya artacaq, nə maaş. Bu, bizim haqqımızdır. Şəffaflıq korrupsiya ilə mübarizədə ən səmərəli üsuldur».


Milli Məclisin İqtisadi Siyasət Daimi Komissiyasının sədri Ziyad Səmədzadə isə deyir ki, o, parlamentə yeni gəlib, bundan sonra çalışacaq ki, dövlət büdcəsinin xərclərinə ictimai nəzarəti gücləndirsin.



Cənab Səmədzadə büdcə müzakirələrinə ictimaiyyətin də dəvət ediləcəyini deyir, amma Azərbaycanda ictimai müzakirənin nəticəyə təsir etməməsi barədə fikirlər də çoxdur. Bəlkə bu yerdə İngiltərənin «Oxfam» Beynəlxalq Humanitar Təşkilatının bir devizini yada salmaq yerinə düşər: «Büdcəni nəinki öyrənmək, hətta ona təsir də etmək mümkündür».


XS
SM
MD
LG