Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:01

13 may seçkisində hansı irəliləyişlər olub?


13 mayda irəliləyişlərlə yanaşı, kobud müdaxilələrin olduğu da bildirilir
13 mayda irəliləyişlərlə yanaşı, kobud müdaxilələrin olduğu da bildirilir

Seçki Monitorinq Mərkəzi hesab edir ki, əvvəllər pozuntular məntəqələrin daxilində olurdu, indi isə seçici səsverməyə gələnə qədər səsini müəyyən namizədə satır


13 may təkrar parlament seçkilərində irəliləyişlərlə yanaşı, seçki günü kobud müdaxilələrin olduğu da bildirilir. Belə fikirlərə həm beynəlxalq təşkilatların, həm də yerli ekspertlərin rəylərində rast gəlmək mümkündür. Bundan başqa, rəsmi nəticələrlə «exit-poll»arın göstəricilərinin üst-üstə düşməsi də irəliləyiş kimi təqdim edilir. Bu məqam Amerika Birləşmiş Ştatları səfirliyinin mayın 16-da yayılan bəyanatında da öz əksini tapıb. Səfirliyin bəyanatında həmçinin qeyd edilirdi ki, namizədlərin qeydə alınması, barmaqların mürəkkəblə boyanması və nəticələrin operativ olaraq internetdə yerləşdirilməsi istiqamətində irəliləyişlər olub.


Seçki Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədli isə deyir ki, irəliləyişlər daha çox texniki məsələlərlə bağlıdır. Onun sözlərinə görə, bu da çox təbiidir. Çünki Mərkəzi Seçki Komissiyası üçün 124 dairəyə nisbətən 10 dairədə seçki keçirmək daha asandır. Ancaq cənab Məmmədli deyir ki, 13 may təkrar seçkiləri subut etdi ki, yalnız məntəqələr daxilində müşahidəçilik aparmaqla baş verənlərin mahiyyətini tamamilə anlamaq mümkün deyil: «Əvvəllər pozuntular məntəqələrin daxilində olurdu. İndi isə seçiciləri məntəqələrə kənardan təlimatlandırılmış qaydada gətirirdilər. Yəni, onlar səsverməyə gəlməzdən əvvəl artıq səslərini müəyyən namizədlərə satırlar. Bu isə çox ziyanlı tendensiyadır, ənənə halını ala bilər».


Anar Məmmədlinin sözlərinə görə, bir halda ki, seçkinin taleyi əsasən kənarda həll edilir, onda qutulara topa-topa bülleten doldurmağa və protokolları dəyişməyə ehtiyac qalmır.
Ancaq heç də bütün yerli müşahidəçilər seçicilərin məntəqələrə qrup halında gətirilməsinə mənfi hal kimi baxmır. Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının vitse-prezidenti Vəli Əlibəyov deyir ki, seçicilərin bir çoxu məhz öz iradələrinə uyğun olaraq məntəqələrə gəlib, istədikləri namizədə də səs veriblər. Onun sözlərinə görə, sadəcə, bəzi namizədlərin nümayəndələri bu prosesin təşkilində yaxından iştirak ediblər. Cənab Əlibəyov deyir ki, əgər bu zaman seçicinin qanundankənar üsullarla əla alınması halları baş verməyibsə, onda heç kim həmin təşkilatçılıq keyfiyyətlərinə görə namizədi qınaya bilməz: «Başqa namizədlər də belə edib, seçiciləri məntəqələrə gətirməlidirlər. Mən demirəm ki, hər hansı şirnikləndirici vədlərlə. Onsuz da hamı vəd verir. Bu, siyasi mübarizədir. Sadəcə, nə qədər çox seçici səsverməyə gələrsə, saxtakarlıq imkanları da azalar».


Mərkəzi Seçki Komissiyasında isə hesab edirlər ki, 10 dairədə keçirilən təkrar seçkilər zamanı, əvvəlki təcrübəylə müqayisədə çox ciddi irəliləyişlər baş verib. Bu qurumun sədri Məzahir Pənahovun sözlərinə görə, istər təşviqat mərhələsində, istərsə də səsvermə günü icra strukturlarının seçki prosesinə kölgə salacaq səviyyədə müdaxilələri olmayıb: «Bu da ölkə başçısının iradəsi ilə bağlıdır. Məhz onun iradəsi ilə 13 may seçkilərində nəticələrə təsir edə biləcək müdaxilələrə yol verilməyib»


Cənab Pənahovun bu fikirləri də cəmiyyətdə birmənalı qarşılanmayıb. Üstəlik MSK-ya göndərilən bir sıra şikayətlərdə məhz icra strukturlarının seçki prosesinə kobud müdaxilələrindən bəhs edilir. Seçki Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədli deyir ki, son seçkilərdə irəliləyişlərin olub-olmaması şikayətlərin araşdırılması zamanı da üzə çıxacaq. Onun sözlərinə görə, əgər əvvəllər olduğu kimi, bu şikayətlər də yenə kənara atılacaqsa, onda irəliləyişlər haqda deyilənlər söz olaraq qalacaq. MSK-dan verilən məlumatlara görə, onlara indiyə qədər 23 şikayət göndərilib və hazırda həmin şikayətlər nəzərdən keçirilir. Ancaq hələ ki, bu şikayətlərə əsasən nə bir məntəqədə nəticələr ləğv edilib, nə də hüquq-mühafizə orqanlarına müraciət edilib.


XS
SM
MD
LG