Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:52

Ağstafa etüdləri


Sisternlərlə Gürcüstana neft daşınır, 3 may 2006
Sisternlərlə Gürcüstana neft daşınır, 3 may 2006

Əsas problemin işsizlik olduğunu deyən rayon sakinləri bildirir ki, «iş tapdın, elə bil lotereya udmusan»


Ağstafa rayon mərkəzindən, Gürcüstan sərhədinə qədər yol boyu bir çox benzin doldurma məntəqələri bağlanıb. Bunu yerli əhali, yanacaq qaçaqmalçılığının qarşısını almaq üçün Azərbaycan və Gürcüstan hüquq-mühafizə orqanlarının sərhəddə gediş-gəlişi məhdudlaşdırmaları ilə izah edir. Ancaq Azərbaycan-Gürcüstan sərhədində gediş-gəlişin məhdudlaşdırılması bir yana, Ağstafa şəhərinin bir neçə kilometrliyindəki Poylu kəndində də yeni bir post qurulub. İndi deyilənə görə, nəinki Gürcüstana, hətta Ağstafa rayonunun sərhədyanı kəndlərinə də yanacaq aparmaq çətinləşib. «Kəndə yanacaq və ya ərzaq gətirəndə Poylu postunda ilişirlər. İndi bizdə yanacağın bir litri iki min beş yüz manatdır. Bu, əkin-biçin işlərini də çətinləşdirir…» Bunu Gürcüstan sərhədinə yaxınlıqda yerləşən Muğanlı kəndinin sakini Sövdagar Mursaqulov deyir.


QƏDİMƏLİ QƏDİMOV: «BİZİM YİYƏMİZ YOXDU»


Muğanlı kəndinin sakinləri hesab edirlər ki, benzin qaçaqmalçılığı ilə mübarizə aparmaq üçün Gürcüstan sərhədində gediş-gəlişi sərtləşdirmək kifayət idi. Halbuki, Poylu kəndində də yeni bir post qurulmaqla Ağstafa rayonunun Gürcüstanla sərhədində yerləşən 10-a yaxın kənd bir növ blokadaya düşüb. Sövdagar Mirsaqulov deyir ki, məhz bunun nəticəsidir ki, Muğanlıda 1 hektar torpağın şumlanması 150 min manata qalxıb. Onun sözlərinə görə, başqa kəndlərdə isə bir hektar torpağın şumlanması maksimum 100 min manata başa gəlir: «Hətta traktor sahibləri 1 hektar torpağı şumlamağa 200 min manat pul istəyirdilər. Bütün kənd birləşib bu qiyməti 150 min manata endirdi. Bizdə su problemi olduğundan ancaq süpürgə əkirik, onu da satmaq problemdir. Əvvəllər Gürcüstana aparırdıq. İndi isə sərhəddən üç süpürgədən artıq keçirmək olmur. Hər süpürgəyə min beş yüz manat pul istəyirlər».


Süpürgə becərmək isə min bir zülmə başa gəlir. Bu işin ağır zəhmət tələb etməsi bir yana, süpürgə toxumunun tozu insan orqanizmi üçün də ziyanlıdır. Elə bu səbəbdən, kənd qadınları süpürgə tarlalarında işləyəndə üz-gözlərini bərk-bərk bağlamalı olurlar. «Bizim bu kəndə Kəsəmən qarısı lazımdır ki, qabağına qoya, ağlaya. Yəni, kəsəsi bizim yiyəmiz yoxdur…» Bunu da Muğanlı kəndinin başqa bir sakini Qədiməli Qədimov deyir.


Düz Gürcüstanla sərhəddə yerləşən Sadıqlı kəndinə gəlib çatanda isə, Ağstafa rayonunda baş verənləri daha dərindən anlayırsan. Sadıqlıda hər 2-3 evdən birinin həyətində iri çənlər var. Bələdçimizin deməsinə görə, kənd sakinləri vaxtı ilə bu çənlərdə yanacaq saxlayırmışlar. Onun sözlərinə görə, iri çənlərə doldurulan yanacaq sonradan Gürcüstana ötürülürmüş. Hətta bir vaxtlar bu ərazidə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi ilə bağlı müxtəlif lətifələr də dolaşırmış. Hər halda palçıqlı küçələrdə ara-sıra gözə dəyən xarici markalı maşınlar da, kənar müşahidəçiyə bu kəndin keçmiş günlərini çox yaxşı anladır.



Sadıqlıda hər 2-3 evdən birinin həyətində iri çənlər var, 3 may 2006
Sadıqlı sakini İlham Sadıqov: «Sadıqlını yanacaq qaçaqmalçılığına elə cəlb etdilər ki, birdən-birə yüzlərlə gənc bu işə şirnikdi. Onlardan sərhəddə pul alıb buna şərait yaradırdılar. Sonra da əksəriyyətini tutub atdılar «içəri». Küllü miqdarda rüşvət verməklə onların çoxu həbsxanadan canını qurtara bildi. Bəziləri isə hələ də həbsxanada cəza çəkir…»

Azərbaycandan Gürcüstana hələ də qaçaqmalçılıq yolu ilə yanacaq daşınıb-daşınmadığını müəyyən etmək indi çox çətindir. Deyilənə görə, Azərbaycanda yanacağın qiymətinin qalxmasından sonra belə, bu biznes hələ də faydalıdır. Bununla belə, demək olar ki, hər gün dövlət xətti ilə Azərbaycandan Gürcüstana iri sisternlərlə yanacaq daşınmaqdadır.


TORPAQLAR BOŞ QALIB


Sadıqlı ilə Ağstafa şəhərinin arası 55 kilometrdir. Ancaq bu kənddən Gürcüstanın Dmanisi rayonuna getmək üçün isə cəmi 20 kilometr qət etmək kifayətdir. Ona görə də tarixən Sadıqlı kəndinin sakinləri alış-verişi qonşu Gürcüstanla ediblər. Bu, həm öz həyət-bacalarında yetişdirdikləri məhsulları sərfəli qiymətə satmaq, həm də oradan onlara lazım olan bəzi malları ucuz qiymətə almaq üçün çox əlverişlidir. Əgər Ağstafa şəhərinin bazarında 3 min manata 1 kiloqram soğan almaq mümkün deyilsə, Sadıqlı kəndinin sakinləri deyirlər ki, həmin pula Gürcüstanda 3-4 kiloqram soğan almaq olar. İndi sərhəddə gediş-gəlişin çətinləşdirilməsi yanacaq qaçaqmalçıları bir yana, Sadıqlıda öz alnının təri ilə dolanan insanların da əlini işdən soyudub: «Torpaqlar boş qalıb, kim istəyir, verə bilərik. Məhsulu daha Gürcüstana buraxmırlar…»


Ağstafa-Sadıqlı yolu da nəqliyyatın gediş-gəlişi üçün çox yararsızdı. 55 kilometr yolu maşınla 2-3 saatdan tez getmək sadəcə, mümkün deyil. Üstəlik Sadıqlı sakinləri deyirlər ki, Poylu postunda da onları incidirlər: «Sadıqlıdan Ağstafaya gedəndə də bizi yoxlayırlar, Ağstafadan Sadıqlıya qayıdanda da. Yaxşı, bizi Sadıqlıya qayıdanda yoxlayırsınız ki, sərhəddən nəsə keçirə bilərik…Bəs Ağstafaya gedəndə niyə yoxlayırsız? Bir də onsuz da, Azərbaycan-Gürcüstan sərhədindən quş da olsan səkə bilməzsən. Keçmək istəyirsən, gərək hesab verəsən. Belə olan halda, Poyluda post qoymaq nəyə xidmət edir?»


Sadıqlı sakinlərini düşündürən bütün bu suallara isə, Poylu postunda heç bir cavab vermirlər. Ancaq deyəsən, Ağstafa rayon rəhbərliyi də Poylu postundan heç də razı deyil. Hər halda Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Musa Dəmirçiyevin sözlərinə görə, onlar da əhalinin haqsız yerə incidilməsini istəmirlər: «Poylu postunda heç maraqlanmırlar ki, vətəndaş yanacağı öz əkin sahəsi üçün aparır, yoxsa, Gürcüstana satmağa. Nəticədə də vətəndaşlar bəzən süni şəkildə incidilirlər».


ƏSAS PROBLEM - İŞSİZLİK


Cənab Dəmirçiyev deyir ki, Ağstafa rayonunda 2004-cü ildən bəri üç mindən çox yeni iş yeri açılıb. Bunun 300-dən çoxu isə 2006-cı ilin birinci rübünə düşür. Ancaq onun sözlərinə görə, bu iş yerlərindən yalnız yarısı daimi xarakter daşıyır: «Elə bu il Ağstafa Rayon Yaşıllaşdırma İdarəsi yaradılıb. Hazırda həmin idarədə 60 nəfər çalışır. Bundan başqa, rayon ərazisində çoxsaylı iaşə obyektləri tikilib istifadəyə verilib».


Tikintisi hələ 2005-ci ildə başa çatmalı olan Zənginləşdirilmiş Alkanollar Zavodunda isə işlər maliyyə çatışmazlığı üzündən yarımçıq qalıb. Musa Dəmirçiyevin sözlərinə görə, bu zavodun tam istifadəyə verilməsi üçün 2 milyon yeni Azərbaycan manatı tələb olunur. Ağstafa Zənginləşdirilmiş Alkanollar Zavodu tam istifadəyə verilməsə də, onun rəsmi açılış mərasimi çoxdan keçirilib. Hətta prezident İlham Əliyev ötən il Ağstafa rayonunda olarkən onun özü bu mərasimdə iştirak etmişdi…
Ağstafada isə işsizlik əsas problem olaraq qalmaqdadır. Bunu bir çox insanların rayon mərkəzində şərti olaraq «Qul bazarı» adlandırdıqları yerə toplaşaraq günəmuzd iş axtarmaları da açıq şəkildə göstərir: «İş yoxdur, zavod işləmir, fabrik işləmir. Bəs biz neyləyək, oğurluq edək? Hansısa bir iş tapanda isə günə 20-30 min manatdan çox qazanmaq olmur…»


İşsizlərin sözlərinə görə, bəzən bir həftə, 10 gün gözləsələr də, heç bir iş tapa bilmirlər. Bu, xüsusən hava yağmurlu olan vaxtlarda baş verir: «Ümidimizi kəsmirik. Hansısa bir iş tapmaq, ya daş daşımaq, ya yer qazmaq lotereya kimi bir şeydi. İş tapdın, elə bir lotoreya udmusan. 10 gündür işləmirəm, tanış mağazalardan 150 min manat borc yığmışam…»


Akstafa bazarı, 4 may 2006
BAZARDA HAMI ŞİKAYƏTLİDİR


Ağstafa kənd rayonudur. Ancaq Ağstafanın bazarında qiymətlər heç də Bakı bazarlarından ucuz deyil. «Qiymətlər bahadır. 6 min manata pendir almışam. Bir də kələm alacağam. Ət almağa imkanım yoxdur. Ətin kiloqramı 24 min manatdır. Biz ancaq bayramdan - bayrama ət yeyirik…» Bunu Ağstafa bazarında bir alıcı qadın dedi. Ancaq alıcılar kimi, satıcılar da qiymətlərin bahalığından gileylənirlər: «Göyün dəstəsini 900 manata alıb, min manata satıram. Alver də yaxşı getmir. Qiymətlər ucuz olanda bizə də yaxşı xeyir qalırdı. İndi burada gün ərzində 2-3 çörəyə otururuq…»


Ağstafa bazarında tək alverçilər yox, həyətində yetişdirdiyi məhsulu bazara çıxaranlar da dolanışığın ağırlığından gileylənirdilər: «Həyətdə 10 qoyun saxlayıram. Bu pendir də həyətdə saxladığım qoyunların pendiridir. Bircə buna ümidliyik…»


Ağstafa bazarında qiymətlərin bahalığı müştərilərlə satıcılar arasında bəzən söz deyişməsiylə də müşahidə edilirdi:
-Turpun dəstəsi min beş yüz manat… Gəl bununla ailə dolandır.
- Turpu mən palçığın içində becərmişəm, hökumət qiymətləri salsın, sən də dolan. Mən heç turp yemirəm…


60 yaşlı bir qadın isə kürəyində ağır yük daşıyırdı. Görünür, o, bazarda satacağı turpu özü daşımalı olur: «Neyləyim, Qıraq Kəsəməndən gəlmişəm. 5 uşağım var, heç biri işləmir. Pensiya ilə uşaqları necə saxlayım?»


Ağstafanın rayon mərkəzində yeganə bir mehmanxana var. O mehmanxanada gecələməyi isə heç kimə arzu etmirəm. Nə hamamı, nə də ayaqyolusu var. Hərçənd bu mehmanxananın müştəriləri də az deyil. Əsasən də Ağstafa bazarına ölkənin başqa bölgələrindən mal daşıyan sürücülər. Onlar gecə ikiyə qədər nərd oynayıb, başqa müştəriləri nə darıxmağa, nə də yatmağa qoyurlar. Yalnız gecə saat 2-də işıqların sönməsi ilə mehmanxanada həm sakitlik bərpa edilir, həm də bütün çatışmazlıqlar aradan qalxır…


XS
SM
MD
LG