Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:33

Azərbaycanda bələdiyyələrə yetərincə səlahiyyət verilməyib


Bu gün Azərbaycanda bələdiyyələrin əsas gəliri torpaq və əmlak vergisindən formalaşır
Bu gün Azərbaycanda bələdiyyələrin əsas gəliri torpaq və əmlak vergisindən formalaşır
Azərbaycanda bələdiyyələrə yetərincə səlahiyyət verilməyib. Həm bələdiyyə işçiləri, həm də əksər ekspertlər bu fikirdədirlər. Onlardan biri də Vüqar Tofiqlidir, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının – AVCİYA-nın eksperti.

V.Tofiqliyə görə, bələdiyyələrə bəzi səlahiyyətlər verilmək bir yana, üstəlik, onun səlahiyyətləri icra qurumları tərəfindən məhdudlaşdırılıb. Bu üzdən bələdiyyələr son on ildə özlərini doğrulda bilmədilər:

«2007-ci ildə 75 bələdiyyənin (Sumqayıt, Gəncə, Abşeron, Bakı, Şirvan və başqa bələdiyyələrin) aylıq gəliri 2500 manat olub. Amma yerdə qalan 2682 bələdiyyənin aylıq gəliri 19 manat olub. Nə danışasan?»

Badamdar qəsəbə bələdiyyəsinin sədr müavini Ramiq Mustafa baş verənləri təbii sayır. O deyir ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) göstərişiylə onların əksər səlahiyyətləri mənimsənib, ilk növbədə avtodayanacaq rüsumlarının, küçələrdə divarüstü reklamlardan ödənişlərin toplanması kimi səlahiyyətlər əllərindən alınıb.

Vüqar Tofiqli isə BŞİH başçısının 8 il əvvəl bələdiyyələrin reklam fəaliyyətinə qoyduğu göstərişdən danışır:

«Sənəddə göstərilir ki, bələdiyyələr reklam fəaliyyəti ilə məşğul ola bilmirlər, pərakəndəlik yaranıb və sairə. Təsəvvür edin, sənədin adı belə gedir: Bakı şəhərində bələdiyyələrə reklam fəaliyyətinin qadağan edilməsi… Halbuki qanuna görə, hər hansı icra qurumu bələdiyyələrin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı sənəd imzalayırsa, vurulan ziyan qədər kompensasiya verilməlidir».

Yeri gəlmişkən, bələdiyyələr bu haqda - dəyən zərərlə bağlı təzminat məsələsini dəfələrlə qaldırsa da, müsbət cavab ala bilməyiblər. Ekspertlərə görə, dəyən ziyanın məbləği bəzi hallarda milyonlarla manat dəyərindədir.

Ramiq Mustafa deyir ki, son on ildə onların səlahiyyəti mənimsənmək əvəzinə genişləndirilməliydi. Məsələn, məişət tullantılarının toplanması, yerlərdə kommunal xidmətlərin göstərilməsi, eləcə də qaz, işıq və su pulunun toplanması bələdiyyəyə ötürülməliydi.

Vüqar Tofiqli isə hesab edir ki, mənzil istismar sahələrinin gördüyü işlər bələdiyyələrə həvalə edilməlidir. Bundan başqa, yerlərdə icra nümayəndəlikləri ləğv edilməli və səlahiyyətləri bələdiyyələrə verilməlidir.

Bu təkliflər isə yaxın aylarda gerçəyə çevrilə bilər. Bələdiyyə haqda yeni qanunun qəbulu ilə. Parlamentin Regional Məsələlər Daimi Komissiyasının sədr müavini Tahir Rzayev deyir ki, yeni qanuna görə, bələdiyyələrin səlahiyyətləri artırılmalıdır. Nəzərdə tutulur ki, dövlət mülkiyyətində olan bəzi obyektlər, binalar, o cümlədən uşaq və idman müəssisələri bələdiyyələrə icarəyə verilə bilər. Bundan başqa, mənzil istismar sahələrinin səlahiyyətləri də bələdiyyələrə ötürülə bilər. Amma bu, hamısı deyil:

«Kommunal xidmətlər bələdiyyələrə veriləcək. İşıq, qaz, su təchizatı bələdiyyələrə verilə bilər. Bu da nəzərdə tutulmuş proqrama əsasən, özü də tədricən olacaq».

Tahir Rzayev misal gətirir ki, bəzi kəndlərdə bələdiyyələr artıq su çəkilişi, yolların təmiri və ya yaşıllaşdırma işləriylə, məişət tullantılarının toplanması və daşınması ilə məşğul olurlar. Amma buna görə büdcədən vəsait başqa qurumlara ayrılır. Yeni qanunda bu məsələ də birdəfəlik həll olunmalıdır. İşdi qanun olduğu kimi qəbul olunarsa. Və Tahir Rzayev inanır ki, parlamentin yaz sessiyasında qanun ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

Bu gün Azərbaycanda bələdiyyələrin əsas gəliri torpaq və əmlak vergisindən formalaşır. Torpaq hərraclarının yaradılması ilə bağlı sərəncamdan sonra isə bu fəaliyyət demək olar ki, dondurulmuşdu. Vüqar Tofiqli bunu bələdiyyələrdə böhranın başlanğıcı kimi dəyərləndirir. Buna görə 2007-ci illə müqayisədə ötən il bələdiyyələrin büdcəsi bir qədər azalıb:

«Prezident İlham Əliyev torpaq hərraclarının keçirilməsinə üç ay vaxt vermişdi. Amma bu müddət 15 ay çəkdi və 15 ayda bələdiyyələr iflic oldu. Bələdiyyələrin gəlirlərinin 70-75 faizə qədəri torpaqdan idi…»

Vüqar Tofiqli deyir ki, indi bələdiyyə var ki, aylarla əməkhaqqı ala bilmir. Amma rəsmi məlumatlara görə, bir neçə gün sonra - aprelin əvvəlində ilk torpaq hərracları keçirilməlidir. «Bu da bələdiyyələrin vəziyyətinə təsirsiz ötüşməyəcək», – deyir ekspertlər.

Dövlət ildə bələdiyyələrə 3 milyon manatdan çox dotasiya ayırır. Ramiq Mustafanın sözlərinə görəsə, bu məbləğ çox azdır. Bələdiyyə qulluqçusu təxminən minimum əməkhaqqı həcmində maaş alır. Ayda 100-120 manat. Tahir Rzayev deyir ki, dotasiyaların artırılmasını deputat kimi büdcə müzakirələri zamanı qaldırıblar. Amma Maliyyə Nazirliyindən bildirilib ki, bələdiyyələr təkliflərini əsaslandırmalıdırlar.

Ramiq Mustafa: «Dotasiyalar gülüncdür. Badamdar qəsəbəsində 15 min nəfər qeydiyyatdadır və adambaşına 40 qəpik pul verirlərsə, ildə 1000 manat pul eləmir».
XS
SM
MD
LG