Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:36

Özəlləşdirmə payları niyə bahalaşıb?


1997-ci ildə buraxılan 8 milyon özəlləşdirmə payının təxminən yarısı 35 min müəssisənin özəlləşdirməsində istifadə olunub
1997-ci ildə buraxılan 8 milyon özəlləşdirmə payının təxminən yarısı 35 min müəssisənin özəlləşdirməsində istifadə olunub

Son bir-iki həftədə özəlləşdirmə paylarının (çeklərinin) qiymətində müşahidə edilən artım indi dayanıb və aprelin 20-dən sonra qiymətlər yenidən düşməyə başlayıb.


Artım prosesi aprelin əvvəlindən başlayıb. Həmin ayın 20-də özəlləşdirmə paylarının qiyməti "qara bazar"da 145 min manata çatıb. Amma sonradan qiymətlər geriləməyə başlayıb və hazırda 100-110 manat arasındadır. Aprelin əvvəlində isə cəmi 50 min manat idi.


İqtisadçı-ekspertlər bu prosesə birmənalı qiymət vermirlər. İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzindən Vaqif Rüstəmovun fikrincə, artım özəlləşdirmə prosesinə diqqətin və islahatlara inamın artmasıyla bağlıdır: "Bazarda tələbat artıb ki, qiymət də artıb. Bu da onu göstərir ki, özəlləşdirməyə maraq artıb".


Keçmiş baş nazir, millət vəkili Əli Məsimovsa hesab edir ki, əslində prosesə artım demək olmaz. Sadəcə, çeklərin qiymətində əvvəlcədən proqnozlaşdırılan səviyyədə enib-qalxma prosesi gedir. Bunun da islahatlar və ya özəlləşdirmənin özüylə bağlılığı yoxdur: "Bu ciddi proses deyil. İslahatlar və ya özəlləşdirmədə elə dəyişiklik olmayıb ki, qiymətlərə təsiri olsun".


"Turan" İnformasiya Agentliyinin eksperti Hafiz Babalının fikrincə isə, çeklərin qiymətlərinin "oynaması" sadəcə, bir sıra spekulyativ xarakterli təsirlərin nəticəsidir. Məsələn, "Fondel Metal", "Azərboru" kimi bəzi iri müəssisələrin özəlləşdirilməsinə yenidən baxılmasının mümkünlüyüylə bağlı rəsmilərin açıqlamaları çeklərin qiymətində canlanma yaradıb. Aprelin 14-də isə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov mətbuat konfransı keçirib demişdi ki, yaxın 1 ildə daha iri və gəlirli müəssisələrin özəlləşdirilməsinə başlana bilər. Hafiz Babalı: "Qiymətlərin qayıtması (düşməsi) göstərir ki, bəyanatlardan istifadə edərək bəziləri qiymətlərlə oynayıb və gəlir əldə edib".


Dövlət Əmlakının İdarə Edilməsi üzrə Komitədən aprelin 20-si verilən açıqlamada isə özəlləşdirmə paylarının qiymətinin bazarın tələbinə görə dəyişdiyi və aprelin 24-dən 28-nə qədər keçiriləcək rəsmi çek hərraclarıyla bağlı ola biləcəyi bildirilirdi.


Rəsmi rəqəmlərə görə, 1997-ci ildə buraxılan 8 milyon özəlləşdirmə payının təxminən yarısı 35 min müəssisənin özəlləşdirməsində istifadə olunub. Müstəqil ekspertlərin hesablamalarına görə, 3 milyona qədər özəlləşdirmə payı da xarici investorların əlindədir.


Dövlət Əmlakının İdarə üzrə Komitənin sədri Kərəm Həsənovsa aprelin 14-də bildirib ki, 2008-ci ilə qədər qüvvədə olacaq çeklərdən rabitə, hava, su nəqliyyatı, maşınqayırma və başqa sahələrdəki iri müəssisələrin özəlləşdirilməsində istifadə etmək mümkün olacaq.


XS
SM
MD
LG