Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:56

Qışın məktəblilərə «sovqatı»


Səs: Real audio
Türkiyənin Xarici İşlər naziri «Azadlıq» radiosuna eksklüziv müsahibə verib. Həmin müsahibəni təqdim edirik Dərslərdə dördgünlük fasilə məktəblərdə istilik problemini həll edə biləcəkmi?



Təhsil naziri Misir Mərdanovun sərəncamı ilə yanvarın 28-ə qədər orta məktəblərdə dərslər olmayacaq. Təhsil Nazirliyi İcra Aparatının rəhbəri İlham Pirməmmədovun sözlərinə görə, bu, ölkədəki şaxtalı havayla bağlıdır: «Havalar belə şaxtalı keçdiyi üçün nazirlik belə qərar verdi və ölkə rəhbərliyi bununla razılaşdı».



Ötən həftə Təhsil Nazirliyindəki kollegiya iclasında da nazir Misir Mərdanov məktəblərin problemlərindən danışanda, istilik sistemini bu problemlərin əvvəlində qeyd etmişdi:



«Məktəblərin 85 faizinin qızdırılmasında ciddi problemlər var, 61 faizində şagirdlər 2-3 növbədə təhsil alırlar. Şagirdlərin biliyinin qiymətləndirilməsi üzrə mövcud sistem müasir tələbələrə cavab vermir, proqramlar səmərəli deyil, orta məktəblərdə imtahanlar formal xarakter daşıyır, maliyyələşmə mexanizmi səmərəli deyil».



Şagirdlər arasında dörd gün dərs keçirilməyəcəyindən sevinənlər də var, kədərlənənlər də: «Bizim üçün yaxşıdır, qardır, evdə otururuq»... «Əladır. Hər il qar yağmır, uşaqlara şans verirlər ki, qal evdə, qartopu oyna»... «Kədərləndim, məktəbə getmək istəyirdim»... «Yaxşı qarşılayıram, ancaq dərs olsaydı, lap yaxşı olardı. Mən dərsə getmək istəyirəm».



Özü müəllim işləyən Məlahət Mürşüdlü deyir ki, dərslərin dayandırılması çıxış yolu olmasa da, indiki şəraitdə başqa yol yoxdur:



«Məktəblər çox soyuq olduğuna görə şagirdlərin belə bir şəraitdə oxuması mümkün deyil. Ona görə də bu qərar düzgün addım idi. İstilik sisteminin olmamasını hamımız bilirik. Dərslərin dayandırılması sözsüz ki, çıxış yolu deyil, ancaq bugünkü vəziyyətdə çıxış yolu bu idi».



Təhsildə İslahatlara Yardım Mərkəzinin rəhbəri Zəminə Əliyeva isə başqa cür fikirləşir: «Təhsil Nazirliyinin bu qərarını məcburi addım kimi dəyərləndirməkdə çətinlik çəkirəm. Bunu o halda etmək olar ki, havanın temperaturu mənfi 18 olsun. Bir də ki, bu problem təkcə Bakı məktəblərinin vəziyyəti ilə qabardılır. Azərbaycanın bölgələrindəki məktəblərdə istilik, məktəblərə gediş-gəliş yoxdur. Onda gərək həmin məktəblər ilin çox hissəsini işləməsin».



Söhbət etdiyim orta məktəb şagirdləri deyirlər ki, bundan əvvəl də – havalar soyuyandan məktəblərdə istilik yox idi. Yəni dörd gündən sonra məktəbə qayıdanda, isti sinif otaqlarında oturmayacaqlar: «Məktəbdə onsuz da istilik yoxdur, dərs keçə bilmirik. Soyuqdan titrəyirik"... «Moskvada uşaqlar necə dərsə gedir. Əslində, bunu əvvəlcədən etməliydilər, istilik qurulmalıydı».



Valideynlər də hesab edirlər ki, havaların kəskin soyumasını gözləmək yox, məktəblərin istiliyini təmin etmək lazım idi: «Gərək vaxtında tədbir görülməliydi. Mənimçün uşağımın sağlamlığı əsasdır»... «Bir valideyn kimi istəyərdim ki, birinci istilik haqqında düşünülsün».



Həkim Mehdi Mehdiyev isə bildirir ki, havalar soyuyandan məktəb uşaqları arasında xəstəliklərin sayı artıb: «Bizim məktəblər payız-qış aylarında qızdırılmır. Məktəblilər arasında xəstəliklər bu aylarda çoxalır. Hamısı sinif otaqlarının rütubətli olması, uşaqların içəridə üst geyimlərində oturması, sonra belə havaya çıxmalarıyla bağlıdır. Bu dörd günü veriblər, sağ olsunlar, heç başqa vaxtlar da yaxşı olmur».



Təhsil Nazirliyindən verilən məlumata görə, dərslərin dörd gün ləğv edilməsi yaz tətilinin günlərindən çıxılacaq.
XS
SM
MD
LG