Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:36

Köçkün şagirdlər məktəblərinin sökülməsinə etiraz edirlər


Səs: Real audio
Dirili Qurbani adına Soltanlı kənd orta məktəbinin yerində yaşayış binası tikmək istəyirlər Bakının Yeni Yasamal ərazisində məskunlaşan Cəbrayıl rayonunun Dirili Qurbani adına Soltanlı kənd orta məktəbində təhsil alan köçkün şagirdlər məktəblərinin sökülməsinə etiraz edirlər. Cəbrayıl rayonunun işğalından sonra Soltanlı kəndinin sakinləri Yeni Yasamaldakı «Qanlı göl» deyilən ərazidə məskunlaşıblar. Məcburi köçkün uşaqlar əvvəlcə Bakıdakı müxtəlif məktəblərdə təhsil alıblar. 2001-ci ildə isə məskunlaşdıqları ərazidə birmərtəbəli orta məktəb binası inşa edilib.



Yüz altmışa yaxın şagirdin oxuduğu bu məktəbin ətrafında bir neçə yaşayış binası inşa edildiyindən tikinti şirkətlərindən biri məktəbin həyətinə baxış keçirib. Köçkünlərin dediyinə görə, məktəbi söküb yerində çoxmərtəbəli yaşayış binası tikmək istəyirlər. Hətta həmin binaların arasında yeni məktəbin tikiləcəyilə bağlı onlara vədlər də verilib.



Cəbrayıldan olan məcburi köçkün Mahmud Məmmədov deyir ki, dörd bir tərəfində tikinti aparılan ərazidə uşaqların dərsə gedib - gəlməsi xeyli təhlükəlidir. Valideynlərin dediyinə görə, onlar yaranmış vəziyyətlə bağlı Prezident Aparatından tutmuş, Təhsil Nazirliyinə qədər müxtəlif yerlərə müraciət ediblər.



Məktəbin direktoru Arif Məmmədov isə bildirir ki, ona məktəbin yerində yaşayış binası tikiləcəyilə bağlı məlumat verilib. Amma o, həmin tikinti şirkətinin kimə məxsusluğu barədə hər hansı məlumata malik olmadığını söyləyir.



Təhsil Nazirliyi isə Soltanlı kənd məktəbinin yerləşdiyi ərazidə yaşayış binasının tikilməsindən xəbərsizdir. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Bayram Hüseynzadə deyir ki, məsələnin araşdırılmasına ehtiyac var.
XS
SM
MD
LG