Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:28

Qara kürü ixracı donduruldu


Səs: Real audio
İndiki mərhələdə yalnız aztəminatlı ailələr üçün sayğaclar pulsuz quraşdırılır Daxili bazarda qiymətlər düşəcəkmi?



BMT-yə bağlı olan qurum nərə balıqlarının və onun kürüsünün ixracını dondurub.



Nəsli Kəsilməkdə olan Yabanı Flora və Fauna Növlərinin Ticarəti üzrə Beynəlxalq Konvensiya (CITES) həmin qərarını nərə balıqları populyasiyasının ciddi azalması ilə izah edib.



Bu qərarın dünyadakı nərə balıqları və qara kürü ixracının 80 faizə qədərini verən Xəzəryanı ölkələrə daha çox təsiri ola bilər. Eyni zamanda Dunay, Amur çaylarının kiçik nərə ehtiyatı da var və bu qərar həm də Bolqarıstan, Çin və Rumıniyaya da aiddir.



CITES nərə kürüsü ixrac edən ölkələrdən bu balıqların kökünün kəsilməyəcəyinə təminat istəyir. Bu qadağanın nə qədər sürəcəyi barədə "Azadlıq" radiosunun sualına CITES-in sözçüsü Xuan Karlos Vaskuez belə cavab verir:



"Bu, istehsalçı ölkələrin reaksiyasından asılıdır. Onlar necə cavab verəcəklərsə, qadağanın müddəti ona uyğun olacaq".



Ancaq bu qadağanın Azərbaycan bazarlarına təsiri olmayıb. Qara kürünün kilosu Bakı bazarlarında təxminən 350-400 dollara satılır. Nərə balığının isə bir kiloqramı 35 min manatdır. Satıcıların dediyinə görə, son iki gündə kürünün və nərə balığının qiymətində müəyyən bahalaşma hiss olunur. Amma bu, havaların küləkli keçməsi üzündən dənizdə balıq ovunun azalmasıyla bağlıdır.



Balıqsatanların sözlərinə görə, bazarda onsuz da kustar şəraitdə hazırlanan kürü satılır, konservləşdirilmiş mal isə qadağan olunsa da, xaricə yol tapır. Üstəlik, qadağan olunan şeyin qiyməti də ucuzlaşmaq əvəzinə adətən bahalanır. Və bu biznes indi daha gəlirli ola bilər.



Bakıda kilosu təxminən 400 dollara olan qara kürünün Avropa bazarlarında ortalama qiyməti 4300 avrodur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2005-ci ildə qoyduğu kvotaya görə, Azərbaycanın sularında kommersiya məqsədilə 70 ton nərəkimi balıqlar ovlamaq olar. 7 tona qədər kürü istehsalına da icazə verilib. Bu da yuxarıda qeyd etdiyimiz qiymətlərlə təxminən 30 milyon avro edir.



Amma ekspertlər rəsmi kvotadan əlavə qanunsuz balıq ovunun da olduğunu bildirirlər. Ekoloq Telman Zeynalovun fikrincə, son illərdə, bu hal o qədər geniş yayılıb ki, nərəkimilərin sayı kritik həddə çatıb. Dövlətin gördüyü tədbirlər isə ciddi nəzarət olmadığı üçün nəticəsiz qalır.



Qara kürü ixracına indiyəcən CITES iki dəfə qadağa qoyub. Bir dəfə 2001-ci ildə qadağa qoydu, amma sonrakı il nərə balıqları ehtiyatının artdığına əmin olaraq həmin qadağanı götürdü.



2003-cü ildə isə Xəzəryanı ölkələrin kürü ixracı kvotasını 145 tondan 113 tona endirdi.



Amma bu tədbirlər qanunsuz balıq satışını əngəlləyə bilmədi. Britaniyadakı Yabanı Dünya Fondunun məlumatına görə, ötən beş ildə Avropaya qanunsuz gətirilən 11 tondan çox nərə kürüsü müsadirə olunub. Ən çox isə belə kürü Almaniyaya gətirilib – 2 tondan çox. Amma Fonda görə, küçə və restoranlarda bundan daha çox qanunsuz kürü satılıb.



Birləşmiş Ştatlardakı "Caviar Emptor" təbiəti mühafizə təşkilatı isə ötən 20 ildə nərə balıqları populyasiyasının 90 faizinin itirildiyini bildirir.



Qanuni olaraq ildə ixracatçılar 100 milyon dollarlıq kürü satırlar. Onların içində ən bahalısı bölgə balıqları kürüsüdür.



19-cu əsrəcən nərə kürüsü kasıb və kəndli yeməyi sayılırdı. Əvvəlcə çarların, sonra Avropa aristokratlarının süfrəsinə yol açan bu kürü indi dünyanın ən ləziz və delikates ərzaqlarından sayılır.



Britaniya mətbuatı ölkədə ilk dəfə homoseksual ailə quran məşhur müğən
XS
SM
MD
LG