Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:44

Venesiya Komissiyası: Dəyişikliklərdə islahat ruhu yoxdur


“Bir nəfərə istədiyi qədər prezident seçilmək hüququ vermək – demokratiya sahəsində geriyə doğru addımdr”

Bunu Avropa Şurasının Venesiya Komissiyası Azərbaycanda referenduma çıxarılan. Konstitusiya dəyişikliklərdə bağlı açıqladığı rəyində deyir.

Azərbaycan Avropada kimə oxşamaq istəyir?

Venesiya Komissiyası xatırladır ki, bir qayda olaraq prezident respublikalarında hakimiyyətin parlament və məhkəmə sistemindən çox dövlət başçısının əlində cəmləşməsi meyli olur. Buna görə də prezident seçiıməyə limit qoyulur ki, bütün güc bir nəfərin - prezidentin əlində cəmləşməsin. Rəyə görə, araşdırmalar göstərir ki, prezidentli respublikaların çoxunda bir şəxsin neçə dəfə prezident seçilməsi ilə bağlı limit olur. Bir nəfərə ya 1 dəfə, ya da 2 dəfə prezident seçilmək hüququ verilir.

Venesiya Komissiyası qeyd edir ki, belə bir qayda həm hakimiyyətin daha çox prezidentin əlində cəmləşdiyi ölkələrdə, həm də prezidentlərin daha çox seromonial səciyyə daşıdığı ölkələrdə qəbul edilib. Hazırda Avropada yalnız Belorusda bir nəfər istədiyi qədər prezident seçilə bilər.

Belorusda belə bir məhdudiyyəti 2004-cü ildə keçirilən referendumda ləğv ediblər. Venesiya Komissiyası həmin referendumda sözügedən limitin ləğvinə mənfi münasibətini bildirmişdi. Bundan başqa bu yaxınlarda Venesuelada da oxşar referendum keçirərək prezidentliklə bağlı məhdudiyyəti ləğv ediblər. Komissiyanın buna da münasibəti mənfidir.

Komissiya deyir ki, bəzən belə fikir səslənir ki, bir adama yalnız iki dəfə prezident seçilmək hüququnun verilməsi seçicilərin seçim azadlığını məhdudlaşdırır. Amma Venesiya Komissiyası hesab edir ki, bunun əleyhinə olan arqument daha cəlbedici görünür. Çünki hakimiyyətdə olan prezident hakimiyyətdə olmağın verdiyi vasitəslərdən istifadə edib yenidən seçilməyə nail ola bilər. Konstitusyon limit məhz belə bir risqi aradan qaldırır.

Venesiya Komissiyasının iclas zalı

Prezident ayrı, baş nazir ayrı

Rəyə görə, bundan başqa belə bir arqument də səslənir ki, niyə məsələn, bəzi ölkələrdə baş nazirlər üçün hakimiyyətdə qalmaq limiti yoxdur, amma prezidentlər üçün olmalıdı.

Venesiya Komissiyasında düşünürlər ki, bu fərqli bir situasiyadır. Həqiqətən də parlament respublikalarında baş nazirlər uzun illər vəzifədə qala bilərlər. Amma bir şərtlə - onlar gərək daim parlament çoxluğunun dəstəyini qazansınlar. Parlament çoxluğunu qazanmaq üçünsə yenə də parlament seçkilərində qalib gəlmək lazımdı. Prezident və prezident rejimləri üçün belə bir tələb yoxdur. Onlar – partiyaları parlament seçkisini uduzsalar da hakimiyytədə qala bilərlər. Buna görə də komissiya hesab edir ki, parlament respublikalarında əsas hakimiyyətin bir şəxsin əlində cəmləşməsi risqi daha azdır.

Bundan başqa Venesiya Komissiyası hesab edir ki, prezidentliklə bağlı limitin demokratiya strukturlarının tam bərqərar olmadığı ölkələrdə mövcud olması xüsusilə vacibdir. Komissiyanın fikrincə, Azərbaycanda belə bir limitin ləğvi ölkədə demokratik strukturların tam bərqərar olması qarşısında ciddi maneədir.

“Mücərrəd müharibə vəziyyəti”


Konstitusiyaya təklif edilən dəyişikliklərdən biri də odur ki, əgər müharibə vəziyyətində - hərbi əməliyyatlar davam etdiyi müddətdə seçkilərin keçirilməsi mümkün deyilsə, prezident və Milli Məclisin səlahiyyətləri uzadıla bilər.

Venesiya Komissiyası qeyd edir ki, prinsipcə, belə müddəalar başqa ölkələrin də qanunvericiliyində var. Məsələn, Türkiyə Konstitusiyasında deyilir ki, müharibə vəziyyətində parlamentin səlahiyyət müddəti bir illiyinə uzadıla bilər. Müharibə vəziyyəti davam edərsə, eyni prosedur yenə tətbiq edilə bilər.

Venesiya Komissiyasına görə, bu yaxşıdır ki, Azərbaycanda təklif edilən Konstitusiya dəyişikliklərində prezident və Milli Məclisin səlahiyyət müddətinin uzadılması Mərkəzi Seçki Komissiyasının müraciəti əsasında Konstitusiya Məhkəməsinin verdiyi qərardan asılı vəziyyətə salınır. Amma komissiya hesab edir ki, təklif edilən dəyişikliklərdə ciddi çatışmazlıqlar var, bu da mücərrədliklə bağlıdır.

Məsələn, komissiyada düşünürlər ki, “müharibə vəziyyətində hərbi əməliyyatlar” ifadəsi çox tutumlu və qeyri-müəyyəndir. Düzdür aydınlaşdırılır ki, indi Qarabağdakı vəziyyət – hərbi əməliyyatların getmədiyi müharibə vəziyyətidi. Amma komissiyanın fikrincə, daha yaxşı olardı ki, Konstitusiya Məhkəməsi prezident və Milli Məclisin səlahiyyətlərinin uzadılmasına uzazə vermək üçün daha dəqiq standratlarla təmin ediləydi. Məsələn, müharibə vəziyyəti müharibə elan edilməsi ilə bağlı müddəyla əlaqələndiriləydi.

Digər tərəfdən Venesiya Komissiyasına görə, aydın deyil ki, müharibənin başa çatması ilə bağlı qərar vermək Konstitusiya Məhkəməsinin səlahiyyətinə daxil edilə bilərmi?

Eyni zamanda bilinmir ki, müharibədən sonra seçki hansı müddət çərçivəsində keçirilməlidir. Venesiya Komissiyasında düşünürlər ki, hüquqi boşluğu aradan qaldırmaq üçün buna aydınlıq gətirilməlidir.

Bələdiyyələrin müstəqilliyinə çox az təminat verilir

Venesiya Komissiyası Konstitusiyaya bələdiyyələrlə bağlı təklif edilən dəyişikliyi də tənqid edib. Komisisyanın fikrincə, dövlətin bələdiyyələrin fəaliyyətinə nəzarət etməsi ilə bağlı müddəa dəqiq deyil. Dəqiq bildirilməlidir ki, bu, bələdiyyələrin müstəqil seçkili orqan olmaq statusunu məhdudlaşdırmır, sadəcə onların işinin qanuna və konstitusiyaya uyğun olmasını təmin edir. Venesiya Komissiyası deyir ki, bələdiyyə anlayışına təklif edilən dəyişikliklər bələdiyyələrin müstəqilliyinə çox az qarantiya verir. Bu nə Azərbaycanın bələdiyyələrlə bağlı qoşulduğu Konvensiayalara uyğundur, nə də Azərbaycanın Avropa Şurasının qarşısında regionlarda demokratiyanın inkişafı ilə bağlı öz üzərinə götürdüyü öhdəliklərə.

Komissiya hesab edir ki, bələdiyyələrin Milli Məclisə hesabat verməsi öhdəliyi də aydın deyil. Bu, bələdiyyələrin işinin sadəcə qanuna uyğun olması ilə bağlı nəzarətin çərçivəsinə sığmır və belə bir görünməmiş nəzarət forması bələdiyyələrin müstəqilliyinə xələl gətirə bilər.

Venesiya Komissiyası ümumilikdə hesab edir ki, konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərdə ümumilikdə islahat ruhu yoxdur. Ona görə də bəzi dəyişikliklərin məqsədini, onlara olan ehtiyacı və aralarındakı əlaqəni anlamaq çətin olur. Komissiya ümumiyyətlə Konstitusiyaya düzəliş və əlavələrin referenduma çıxarılması prosedurunun həddindən artıq sürətli olmasından narahatlığını ifadə edir. Rəydə deyilir ki, Konstitusiyaya əlavələr qanun şəklində qəbul oluna bilərdi. Sualların çoxluğu isə seçicilər üçün çaşdırıcıdır.
XS
SM
MD
LG