Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:39

Əli Həsənov Avropa Şurası Konqresinin çağırışına cavab verdi


Əli Həsənov: «Referendum Azərbaycanın daxili işidir»
Əli Həsənov: «Referendum Azərbaycanın daxili işidir»
«Referendumu təxirə salmaqla bağlı Avropa Şurasının Azərbaycan hökumətinə heç bir çağırışı olmayıb. Kimsə mətbuatda açıqlama veribsə bu, Avropa Şurasının mövqeyi kimi qəbul oluna bilməz. Avropa Şurasının mövqeyini Parlament Assambleyası və Nazirlər Kabineti ifadə edə bilər». Bu fikirləri jurnalistlərə martın 3-də Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Avropa Şurası Yerli Hakimiyyətlər Konqresinin Bürosu rəsmi Bakını martın 18-də Azərbaycan Konstitusiyasına dəyişikliklər haqda referendumu təxirə salmağa çağırıb. Bu çağırış martın 2-si Konqresin Bürosunun bəyanatında səslənib.

Əli Həsənov isə Azərbaycan hökumətinin Venesyia Komissiyası ilə əməkdaşlıq etdiyini, hüquqi sahədə komissiyanın tövsiyələrinin nəzərə alındığı söyləyib:
«Amma referendum Azərbaycanın daxili işidir».

Şöbə müdiri martın 18-də Azərbaycana beynəlxalq müşahidəçilərin gəlməsi məsələsinə də aydınlıq gətirib:

«Referendum ümumiyyətlə beynəlxalq müşahidə obyekti deyil. Parlament və prezident seçkiləri ATƏT-in bilavasitə müşahidə missiyasına daxildir. Buna baxmayaraq biz referenduma Avropanın mühüm beynəlxalq təşkilatlarından nümayəndələr dəvət etmişik. Digərləri də bizə müşahidəçiliklə bağlı müraciət etsələr, onlar üçün də şərait yaratmağa hazırıq».

Əli Həsənov deyir ki, «martın 18-də həm icra strukturları, həm də yerli seçki institutları üzərilərinə düşən vəzifələri yüksək şəkildə yerinə yetirəcəkdir. Birinci məqsədimiz odur ki, insanlar dəyişikliklərin mahiyyətindən xəbərdar olsunlar, ikincisi öz iradələrini kənar təsir olmadan bildirsinlər».

Azərbaycanda Konstitusiya dəyişikliyi ilə bağlı referendum martın 18-də keçiriləcək.

Əsas Qanunun 29 maddəsinə 41 əlavə və düzəliş təklif edilib. Əsas müzakirə olunan dəyişiklik bir nəfərin iki dəfədən çox prezident seçilməsini qadağa edən maddənin ləğvidir. Referendum təşəbbüsünü hakim Yeni Azərbaycan Partiyası irəli sürüb.
XS
SM
MD
LG