Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:44

Rusiya informasiya məkanımıza təsir edirmi?


V.Putin isə hazırda Rusiyada sözün əsl mənasında real hakimiyyətə malik olan yeganə şəxsdir
V.Putin isə hazırda Rusiyada sözün əsl mənasında real hakimiyyətə malik olan yeganə şəxsdir
Bəri başdan qeyd edək ki, hətta internetin də nə vaxtsa yerli hakimiyyətin diqqətini cəlb edəcəyi şübhəsiz idi. Əvvəlcə siyasi partiyalar, sonra azad mətbuat və elektron informasiya vasitələri, müstəqil QHT-lər və nəhayət ki, internet....

Amma «Day.az»-la baş verən insident sözün əsl mənasında güclü maraq doğuran hadisədir. Təbii ki, söhbət heç də təkcə populyarlıqdan getmir – etiraf etmək lazımdır ki, qeyd olunan sayt xeyli geniş oxucu auditoriyasına malik idi. Amma öz xarakterinə görə o, müxalifətçi, hətta «adət olunan mənada» müstəqil də deyildi. Üstəlik, sayta rəhbərlik edən şəxsin nəinki hakimiyyətin yüksək eşalonu ilə, hətta prezidentin özü ilə çox yaxın münasibətləri var idi. Düzdür, hələ çoxdan hakimiyyətin yüksək dairələrində «gənc islahatçılar»la «yaşlı mühafizəkarlar» arasında siyasi çəkişmə gedirdi. Elə indi saytın bağlanmasının əsas səbəblərindən biri kimi məhz bu amil önə çəkilir, ancaq bu versiya eyni zamanda məmurlar və sayta məsul olanlar tərəfindən təkzib də edilir. Yada salaq ki, bu, bir qədər «qədim siyasi söhbət»dir. Belə siyasi bölgünün artıq mətbuata yol açdığını görən mərhum eks-prezident Heydər Əliyev buna birdəfəlik son qoymağı tapşırmışdı və bundan sonra bu mövzudakı söhbətlər, demək olar ki, tamamilə yığışdırıldı.

Bəs ölkə hakimiyyətini bu addımı atmağa nə təhrik etdi? Bəlkə də hər şey mühacir həyatı yaşayan Boris Berezovski ilə müsahibədən başladı. Həmin müsahibədə B.Berezovski eks-prezident V.Putini kəskin tənqid etmişdi.

V.Putin isə hazırda Rusiyada sözün əsl mənasında real hakimiyyətə malik olan yeganə şəxsdir. Onun öz Şimal ölkəsində tənqidə və təhlilə hansı qısqanclıqla yanaşdığı hamıya bəllidir. O, da məlumdur ki, Azərbaycanın siyasi elitası qonşu ölkənin hakim elitasına nə dərəcədə ehtiyatla yanaşır.

Hətta yüksək rütbəli məmurlar arasında Rusiyaya xüsusi önəm verən və onun siyasi təcrübəsini bu ölkəyə «proyeksiya» etməyə çalışanlar da var. Təbii ki, burada «qarşılıqlı xidmət» amili də rol oynaya bilər. Təsəvvür edin ki, Rusiyanın internet saytlarında və ya qəzetlərində Azərbaycanın mənsəb sahibləri haqqında da analoji materiallar dərc olunur. Axı bütün bunlar çox az adamın oxuduğu, necə deyərlər, Bakıdan heç də o tərəfə getməyən, yerli, azərbaycandilli nəşrlər deyil! Onda nə ola bilər? «Qarşılıqlı ittihamlar» savaşı hakim yerli elitaya nəinki indi, heç sabah da sərf etmir!

Bəs ölkə hakimiyyətini bu addımı atmağa nə təhrik etdi? Bəlkə də hər şey mühacir həyatı yaşayan Boris Berezovski ilə müsahibədən başladı. Həmin müsahibədə B.Berezovski eks-prezident V.Putini kəskin tənqid etmişdi
Rusiyaya gəldikdə isə, ümumiyyətlə, bu ölkə öz qonşusunun nəinki geosiyasi addımlarını, iqtisadi layihələrini, siyasi yönümünü nəzarətində saxlamağa cəhd edir, «özünün siyasi texnoloqları» vasitəsilə Cənubi Qafqazın daha bir respublikasındakı prosesləri istiqamətləndihməyə çalışır. Bura təbii ki, informasiya siyasəti də aiddir. İnformasiya həmişə ölkələri idarə edən faktor olub və indi də bu statusunu saxlamaqdadır.

Xatırlatmaq lazımdır ki, məsələnin müzakirəsi zamanı digər səbəblər də sadalandı. Məlum oldu ki, məşhur bir ziyalı ilə müsahibə də heç də hakim dairələrin xoşuna gəlməyib. Bunu da nəzərə almaq lazımdır. Hakimiyyətin mətbuatla, yazı ilə bağlı siyasətində bir detalı da qeyd etmək yerinə düşər. Bu hakimiyyət rusdilli mətbuatdan xüsusilə ehtiyat edir. Bunu sübut etmək üçün kifayət qədər misal gətirmək olar. Görünür, bu, da «yayım dairəsi»nin genişliyi ilə bağlıdır. Rus dili hələ özünün «geniş coğrafiyası»nı itirməyib.
Söhbət təkcə hansısa internet saytından və ya onun bağlanmasından da getmir. Hələ eks-prezident Ə.Elçibəy dövründən başlayaraq Rusiya yerli mətbuatdakı yazılara xüsusi həssaslıqla yanaşırdı. Yerli mətbuatın isə Rusiyanı tənqid etmək üçün həmişə kifayət qədər əsasları olub. Qarabağ problemində yürüdülən siyasət, Ermənistana iki dəfə böyük miqdarda silah göndərilməsi və s!.

İndi əsas odur ki, oxucu daha bir informasiya mənbəyini itirdi. Bu Rusiyanın təzyiqinin nəticəsi də ola bilər, yerli məmurlar arasındakı amansız rəqabətin təzahürü də. Hər halda bunlar arasındakı əlaqəni də inkar etmək olmaz – hər iki amil biri - birini «stimullaşdırmaq» gücündədir. Əgər jurnalistləri ancaq dəqiq informasiyalar, müsahibələr və proqnozlar düşündürürsə, məmurlar tamamilə başqa «qayğı» ilə yaşayırlar – siyasi rəğbəti və əlaqəni itirməmək, həmişə siyasi dəstək yeri saxlamaq və bir də hər şeyi nəzarətə götürmək!

Onu da yada salmaq lazımdır ki, internet və «informasiya təhlükəsizliyi» haqqında söhbətlər çoxdan aparılırdı. «Təhlükəsiz»liyin isə bu ölkədə hansı rakursda başa düşülməsi elə bir böyük problem deyil. Onsuz da bu vaxta qədər Bakıda olmasa da, digər regionlarda saytların qapadılması, klublara girişin məhdudlaşdırılması halları olmuşdu.
Prosesin gələcək inkişafı ilə bağlı proqnoz vermək bir o qədər də asan deyil. Bir də gördün ki, hətta adi vətəndaşların belə istifadə etdiyi peyk antenalarına da məhdudiyyətlər qoymağa başladılar. Qəribəsi budur ki, ölkə üçün əsas iqtisadi inkişaf istiqaməti kimi «informasiya texnologiyaları» seçilib. Görünür, bu da hər gün yaşadığımız və artıq adət etdiyimiz paradokslardan biridir. Axı biz «analoqu olmayan» ölkədə yaşayırıq...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG