Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:49

Gürcülər Moskvada sülh haqqında oxuyacaq


«Eurovision» təşkilatçıları deyirlər ki, gürcü ifaçılarının çoxunun mövzusu sülh haqqında olur
«Eurovision» təşkilatçıları deyirlər ki, gürcü ifaçılarının çoxunun mövzusu sülh haqqında olur
2009-cu il «Eurovision» mahnı müsabiqəsində Gürcüstanı 4 ifaçı təmsil edəcək. Stefane və 3 qız-Nini Baduraşvili, Tako Qaçeçiladze və Kristine İmedadze. Seçim turunda birinci yer uğrunda 10 ifaçı yarışdı. İfaçıları gürcü tamaşaçısına konsertə bir gün qalmış təqdim etdilər. Birinci kanalın beynəlxalq layihələr üzrə prodyüseri Natia Uznadze bu barədə deyib.

«Eurovison» həmişə keçən ilki qalibin vətənində keçirilir. 2008-ci ilin müsabiqəsində qələbəni Dima Bilan qazandığından bu il yarışma Moskvada olacaq.
Avqust müharibəsindən sonra gürcü şou-biznesi Moskva faktı barədə xeyli düşündü. Əvvəlcə müsabiqəyə qatılmamaq qərarına gəldilər. Amma sonra müsabiqənin əhəmiyyəti və 43 ölkədən - İctimai kanallardan gələn məktublar qərarın dəyişməsinə səbəb oldu. Natia Uznadze deyir:

«43 ölkənin ictimai yayım mərkəzlərindən məktub gəldi ki, müsabiqədən imtina qərarı dəyişdirilməlidir. Çünki bu, Rusiyanın müsabiqəsi deyil, Avropa mahnı müsabiqəsidir və şounun 100 milyon tamaşaçısı var. «Eurovision» mahnı müsabiqəsi ən böyük şoulardan biri hesab olunur. Olimpiya oyunlarından sonra ən çox tamaşaçısı olan şoudur. Bu müsabiqə barədə xəbər vermək üçün Moskvaya gələcək jurnalistlərin sayı 9 mindən çoxdur».

Birinci kanalın beynəlxalq layihələr üzrə prodyüseri Natia Uznadze deyir ki, Gürcüstan onsuz da bir dəfə Rusiyada keçirilən müsabiqədən imtina edib:

«Biz rus müsabiqəsinə getmirik! Avqustda bizə Rusiyada keçirilən bir müsabiqəyə dəvət gəlmişdi. Ora Salome Korkotaşvili getməli idi. Hər şey hazır idi. Amma biz imtina etdik, çünki o, rusların mahnı müsabiqəsi idi».

Amma gürcülərin bəziləri bu arqumentlə də razılaşmır. Hesab edirlər ki, indiki halda Rusiyaya getmək normal hərəkət deyil. Tbilisi forumunda gürcülərin «Eurovision»da iştirakının əleyhinə şüarlar çıxdı: «Moskvalaşmaya yox deyək!» Sonra da aksiyalar başladı. «Reaksiya» adlı internet qrupun sədri Qiqa Nasaridze də hesab edir ki, gürcü ifaçılar Moskvaya getməməlidirlər:

«Bir neçə ay əvvəl sənin ölkəni bombalamış, dinc sakinləri qırmış, ərazini işğal eləmiş dövlətin paytaxtına getmək olmaz! Mən bunu əxlaqsızlıq adlandırıram. Sən səninlə müharibə edən ölkəyə gedirsən! Gülə-gülə oxuyursan, ya sərt üzlə oxuyursan, dəxli yoxdur. Sən onlara kömək edirsən. Bütün dünyaya göstərirsən ki, Rusiya demokratik ölkədir, hətta düşmən də bu ölkəyə gələ, burda oxuya bilir».

Nasaridzenin fikrincə, Rusiya öz öhdəliklərinə əməl etməyənə qədər aksiyaları davam elətdirmək lazımdır:

«Bəlkə də bəzi öhdəlikləri yerinə yetirsələr, heç olmasa, o 6 bənddən ibarət razılaşmaya əməl etsələr, münasibətləri bərpa etmək olar. Mən hələ diplomatik münasibətlərdən danışmıram. Nə qədər ki, Rusiya Gürcüstana etdiklərinin hesabını verməyib, nə qədər ki, Gürcüstanın daxili işlərinə qarışır, diplomatik münasibətlərdən söhbət gedə bilməz».

İştirakçılar özləri «Eurovision» müsabiqəsinə getmək istəyirlər. Ən azı ona görə ki, onların özlərinin beynəlxalq yarışmalarda iştirak imkanı yoxdur. İfaçılardan Tika Patsatsiya belə deyir:

«Biz gürcü ifaçılarının elə imkanı yoxdur ki, tez-tez beynəlxalq müsabiqələrə qatılsınlar, dinləyicilərini təəccübləndirsinlər. Amma «Eurovision» və Yurmaldakı festival insanları gürcü müsuqisi və gürcü ifaçıları ilə tanış etmək imkanı yaradır».

Tika Patsatsiya siyasətdən uzaq durmağı lazım bilir. Onu da deyir ki, Moskvada səslənəcək mahnıdan çox şey asılıdır:
«Hərənin istədiyi kimi düşünmək haqqı var. Amma məncə hər şey ifaçının mahnısından asılıdır. Siyasi yük olacaqmı...Şərh vermək istəmirəm. Şəxsən mən sevgi haqqında mahnı hazırlamışam».

Amma o biri iştirakçı Keti Orconokidze başqa fikirdədir. «Niyə də yox? Etirazımızı niyə də bildirməyək?» deyir.

«Müsabiqədə iştirak etməsək, heç kim heç nə itirməyəcək. İtirən biz olacağıq. Məncə elə bu fürsətdən yararlanıb etirazımızı bildirə bilərik. Getmək və sübut etmək lazımdır ki, nə olur-olsun, nə bomba atırlar-atsınlar bizi dayandıra bilməyəcəklər, biz yenə ayaq üstdəyik. Heç vaxt yazıq millətlərdən olmayacağıq. İncəsənət həmişə etiraz etmək imkanı verir».

Müsabiqənin təşkilatçıları deyirlər ki, gürcü ifaçılarının çoxunun mövzusu sülh haqqında olur. Keçən ilki gürcü ifaçısı-Diana Qurtskaiya da sülh haqqında oxumuşdu.

Fikir müxtəlifliyinə baxmayaraq, gürcü ifaçıları Moskvaya- «Eurovision» mahnı müsabiqəsinə gedəcəklər. Və ifaçıların dediyi ki, rusların yox, Avropa mahnı müsabiqəsinə gedirlər. «Reaksiya» kimi təşkilatların isə aeroportda etiraz aksiyası keçirəcəklərini istisna olunmur.
XS
SM
MD
LG