Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:49

«Konstitusiya düzəlişləri Venesiya Komissiyasına təqdim edilməlidir»


Yan Mikallef
Yan Mikallef
Avropa Şurasından Azərbaycana çağırış gəlib – Referendum üçün təklif olunan Konstitusiya düzəlişləri Venesiya Komissiyasına təqdim edilsin.

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin sədr əvəzi Yan Mikallef narahatdır ki, birdən Azərbaycan Konstitusiyası dəyişildikdən sonra Azərbaycanın qoşulduğu Avropa sənədləri ilə ziddiyyət təşkil edər:
«Yerli özünü idarəetmə ilə bağlı, xüsusilə bələdiyyələrin fəaliyyəti üzərində hökumətin nəzarətini təsis edən düzəlişlərin 2002-ci ildə Azərbaycan tərəfindən ratifikasiya olunan Avropa Yerli Özünüidarəetmə Xartiyası ilə ziddiyyət təşkil edə bilməsi haqqında narahatlıq yaranır».

Cənab Mikallef Azərbaycanın Avropa Şurasına qoşulan zaman yerli hakimiyyətlərə daha geniş məsuliyyət və müstəqillik vermək üçün Konqresin tövsiyələri nəzərə almasıyla bağlı üzərinə götürdüyü öhdəlikləri xatırladıb.

Konqres rəhbəri Azərbaycan hakimiyyətini bu düzəlişləri referendumu keçirmədən əvvəl ekspert rəyi üçün Venesiya Komissiyasına təqdim etməyə çağırır.
Referenduma çıxarılan düzəlişləri dəstəkləyən millət vəkili Fəzail Ağamalıoğlu hesab edir ki, Avropa Şurası öz təklifində kecikib. O, deyir ki, yaxın günlərdə referendumla bağlı təbliğat kampaniyasına start veriləcək. Eyni zamanda Fəzail Ağamalı hesab edir ki, Azərbaycan müstəqil ölkə olduğu üçün hər hansı beynəlxalq komissiyasının rəyi olmadan da ötüşə bilər.

«Avropa Şurasının belə bir fikri varıydısa, referendum məsələsi Milli Məclisdə müzakirə olunanda müraciət edərdi, onlara da parlament səviyyəsində cavab verilərdi. Həm də Azərbaycan müstəqil dövlətdir. Hər qanunu beynəlxalq ekspertlərlə razılaşdırmağa məcbur deyil».

Hüquqşünas Ənnağı Hacıbəyli də Avropa Şurasının təklifinin gecikməsi barədə fikirləri bölüşür, amma onun sözlərinə görə, Venesiya Komissiyası əsas qanunvericilik bazasına rəy verməlidir. Konstitusiya isə daha mühüm sənəddir.

«Üstəlik Avropa Şurası üzvü olanda ölkənin götürdüyü öhdəliklərdən biri də öz qanunvericiliyini beynəlxalq standartlara uyğunlaşdırmaq idi».

Bəs Azərbaycan bu təklifə «yox» desə, hansı reaksiyayla üzləşə bilər? Ənnağı Hacıbəyli deyir ki, artıq bir neçə dəfə Azərbaycan hakimiyyəti Avropa Şurasının təklif və tövsiyələrini qulaqardına vurub. Hüquqşünasın fikrincə, Azərbaycan Venesiya Komissiyasıyla kompromis bir variant tapmağa çalışacaq.
XS
SM
MD
LG