Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:56

Yeni siyasi məhbusların yaranmaması üçün yeganə yol


Leyla Yunus deyir ki, bu vaxta qədər siyasi məhbus probleminin həll edilməməsinə hakimiyyətin xarakteri imkan vermir
Leyla Yunus deyir ki, bu vaxta qədər siyasi məhbus probleminin həll edilməməsinə hakimiyyətin xarakteri imkan vermir
«Əslində gecikmiş qərardır. Gərək Azərbaycan kimi ölkədə çoxdan siyasi məhbuslarla bağlı məruzəçi təyin ediləydi. Həmişə belə olub. Gərək kənardan təzyiq olsun, Azərbaycan hakimiyyəti də hansısa addım atsın».

«Azadlıq» qəzetinin həbsdə olan redaktoru Qənimət Zahidin həyat yoldaşı Ayəndə Zahidova siyasi məhbuslarla bağlı məruzəçinin teyin ediləcəyi ilə bağlı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq Komitəsində qəbul edilən qərarı yüksək dəyərləndirir. Ayəndə Zahidovanın sözlərinə görə, bununla siyasi məhbus probleminin həllində dönüş yaranacaq.

Hələ 2005-ci ildə Azərbaycan hökuməti Avropa Şurası qarşısında öhdəlik götürmüşdü ki, siyasi məhbuslarla bağlı problemlər elə ölkə daxilində yoluna qoyulacaq. Bundan ötrü bəzi hüquq müdafiəçiləri və rəsmilərdən ibarət işçi qrup da yaradılmışdı.

Keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri, millət vəkili Cəmil Həsənli deyir ki, son 3 ildə Azərbaycanda baş verənlər ölkənin üzərinə götürdüyü bu öhdəliklə ziddiyyət yaradır. Cəmil Həsənli hesab edir ki, əslində Azərbaycan keçmişə qayıdıb:
«Azərbaycan üzərinə öhdəlik götürmüşdü ki, Avropa Şurasına üzv olan ölkə kimi burada siyasi məhbus olmayacaq. Ancaq həm həbs edilən jurnalistlər, həm də Fərhad Əliyev və o qəbil başqa sabiqlər siyasi məhbuslardır».
Hələ ötən il Azərbaycanın AŞPA-dakı Nümayəndə Heyətinin rəhbəri Səməd Seyidov bildirmişdi ki, əgər siyasi məhbuslarla bağlı məruzəçi təyin edilsə, rəsmi Bakı bunu qəbul etməyəcək.

Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçilərindən Andres Herkel isə bildirib ki, onlar quruma üzv olan ölkədə həmməruzəçi ilə işləməkdən imtinanı anlaya bilmirlər. Ancaq cənab Herkel deyir, ümid edirəm ki, Azərbaycanda belə hal olmayacaq.

Ancaq rəsmi Bakı hələ də hesab edir ki, Azərbaycanda siyasi məhbus yoxdur. Hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Aydın Mirzəzadə deyir ki, siyasi məhbus kimi təqdim edilən bütün insanlar siyasi baxışlarına görə yox, törətmiş olduqları cinayət əməllərinə görə həbs ediliblər: «O ki, qaldı məruzəçinin təyin edilməsinə, mən buna pis baxıram. Azərbaycanda siyasi məhbus yoxdur».

Azərbaycandakı hüquq müdafiəçilərinin əllərində isə siyasi məhbuslarla bağlı iki siyahı var. Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupuna görə Azərbaycanda 27 siyasi məhbus var.

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus isə Azərbaycanda 66 siyasi məhbusun olduğunu deyir. Bu siyahıda olan siyasi məhbuslardan 27 nəfəri elə köhnə siyahılardan qalıb. Leyla Yunusun sözlərinə görə, Azərbaycanda bu vaxta qədər siyasi məhbus probleminin həll edilməməsinə hakimiyyətin xarakteri imkan vermir: «Siyasi məhbus problemi hakimiyyətin əlində bir vasitədir. Vətəndaşları, demokratik qüvvələri qorxu altında saxlamaq üçün bundan istifadə edirlər».

Leyla Yunus deyir ki, Azərbaycanda yeni siyasi məhbus siyahılarının yaranmaması üçün indi yeganə yol məruzəçinin təyin edilməsidir. Çünki bu məsələylə köklü və ardıcıl məşğul olmaq lazımdır.
XS
SM
MD
LG