Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:31

Polis imza vərəqələrini müsadirə edib


MSK üzvü Akif Qurbanov isə «Xəbər-ətər» proqramına deyib ki, təşəbbüs qrupunun üzvündən imza vərəqinin alınması yolverilməzdir
MSK üzvü Akif Qurbanov isə «Xəbər-ətər» proqramına deyib ki, təşəbbüs qrupunun üzvündən imza vərəqinin alınması yolverilməzdir
Yanvarın 22-si gecə yarısı polis əməkdaşları Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının sədr müavini Fəxrəddin Abbaslını sərbəst buraxsalar da, o, bu səhər yenidən polis idarəsində olmalıdır. Bununla bağlı polis əməkdaşları ondan yazılı iltizam alıblar. Fəxrəddin Abbaslı «Azadlıq» radiosunun «Xəbər-ətər» proqramına belə deyib. Onun sözlərinə görə, başqa bir müsavatçı Azər Nağıyev də polisə aparılıb.

«- Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə Sumqayıtdakı Tağıyev qəsəbəsində imza toplayırdım. Axşam 8-in yarısında qərargaha qayıdarkən polislər məni avtobusdan düşürüb Sumqayıt şəhər Polis İdarəsinin 2-ci bölməsinə gətirdilər.
Məlum oldu ki, məni saxlamaq üçün az qala bütün DYP-ni ayağa qaldırıblar. Rəis müavini mənə dedi ki, sən imza toplamaq üçün camaatı aldatmısan. Əlimdəki imza vərəqlərini aldılar. Bir vərəqdə 31, o birində 5 seçicinin adı vardı. Dedim ki, mənə seçicilərdən gələn şikayət ərizəsini göstərin. Amma əllərində rəsmi müraciət yox idi. Polis iddia edir ki, guya mən imza almaq üçün deputat köməkçisi kimi onların tikdiyi qanunsuz gecəqonduların sənədləşdirilməsinə kömək edəcəyimizi demişəm. Guya başqa birinə demişəm ki, İlham Əliyevin üçüncü dəfə seçilməsini istəyirik və vərəqə imza atın. İmza atanlardan biri də guya polisə deyib ki, özü evdə olmayıb, əvəzinə atası qol çəkib. Polisdə dedilər ki, qadınları gətirib ifadə alacağıq. Amma mən polisdə seçicilərdən ikisini görmüşəm. Məni gecə evə buraxanda Vəli və Xasməməd adlı iki seçici hələ ordaydılar. Göstəriş veriblər ki, mənim necə imza toplamağımla bağlı yerlərdə araşdırma aparsınlar.
- Bəs siz özünüz seçicilərdən imza alarkən nə deyirdiniz?

- Deyirdim ki, Müsavat Partiyasının təşəbbüs qrupu yaradılıb. Qrupun qeydə alınması üçün 40 min imza lazımdır, Sumqayıtda da 2000-2500 imza toplamalıyıq. Referendumda iştirak üçün qeydə alınmaq və fəal təbliğat aparmaq istəyirik. Qeydə alınandan sonra isə ya lehinə ya əleyhinə kampaniya apara bilərik.
- Fəxrəddin bəy, dediniz ki, sizdəki seçici imzaları olan vərəqəni alıblar, evə buraxanda onları geri qaytardılarmı?

- Qaytarmadılar. Dedim ki, vərəqləri aktlaşdırın, aktlaşdırmadılar. Amma deyim ki, vərəqdə 31 seçicinin adı yazılıb, arada imza atmayanlar da vardı, özü evdə olmayanların adlarını boş saxlamışdıq ki, sonra imza atsınlar.

- Bəs müsavatçı Azər Nağıyevi buraxıblarmı?
- Azər Nağıyevi hələ buraxmayıblar. Onu da eyni ittihamla saxlayıblar – seçiciləri aldatmaqda günahlandırırlar. Təşviqat qrupunun üzvlərinə MSK-nın möhürü olan imza vərəqələri veriblər. Sənədin başında yazılıb ki, respublikaçılar referendum qrupu. Amma mənə çatan məlumata görə, Azər bəyə qarşı ittiham sürülüb ki, guya ağ vərəqə imza atdırırmış. Bu mümkün deyil, biz rəsmi sənədə imza atdırırıq».
Bu Fəxrəddin Abbaslının dedikləridir. MSK üzvü Akif Qurbanov isə «Xəbər-ətər» proqramına deyib ki, təşəbbüs qrupunun üzvündən imza vərəqinin alınması yolverilməzdir. Ümumiyyətlə, təşəbbüs qrupunun və ya seçicinin polisə aparılması tamamilə qanuna ziddir. Yalnız rəsmi təhqiqat başlasa seçici polisə çağırıla bilər:

«İmza vərəqəsinə gəlincə, bu rəsmi sənəddir. Onu almağa polisin hüququ yoxdur. Seçki Məcəlləsinə görə, dövlət orqanlarının, vəzifəli şəxslərin hətta referendumun qanunsuz gedişinə belə müdaxilə etmək hüququ yoxdur. Bununla bağlı məsuliyyət nəzərdə tutulur».
A.Qurbanov deyir ki, polisə çağırılan müxalifətçilər ilk növbədə dairə seçki komissiyasına müraciət etməlidirlər.

«Dariə Seçki Komissiyasının araşdırmasından narazı qalarlarsa, MSK-ya şikayət edə bilərlər. Sonda isə apelyasiya məhkəməsinə müraciət etmək hüquqları var. Hər halda, bizim MSK-da bunu araşdırmağımız üçün ilkin mərhələdə dairə komissiyasına şikayət verməlidirlər».
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov «Azadlıq» radiosuna bildirib ki, məsələ ilə bağlı araşdırma aparılıb, ictimaiyyətə məlumat veriləcək.
XS
SM
MD
LG