Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:46

Partiyalardan hərəkata doğru...


Son illər Azərbaycanda geniş siyasi koalisiyalara çox təsadüf olunub
Son illər Azərbaycanda geniş siyasi koalisiyalara çox təsadüf olunub
Konstitusion dəyişikliklərlə bağlı keçiriləcək referendum üçün təyin olunan vaxta – mart ayına çox qalmayıb. Problemin qəlizliyi ondadır ki, söhbət təkcə prezident seçkisi üçün nəzərdə tutulan iki dəfəlik limitin aradan götürülməsindən getmir. Siyasət və ictimaiyyət adamlarını bu dəyişikliklər sırasında gələcəkdə azad mətbuatın fəaliyyətini daha da məhdudlaşdırmaq gücündə olan, hətta Qarabağ üçün problem yarada biləcək maddələrin mövcudluğu narahat edir. Hərçənd ki, təkcə bir düzəliş - prezident seçkisi üçün nəzərdə tutulan iki dəfəlik məhdudiyyətin götürülməsi ölkənin siyasi sisteminin demokratik mahiyyətini tamamilə dəyişmək iqtidarındadır.
Sonuncunun baş verəcəyi təqdirdə bu ölkə haqqında ancaq «formal demokratik prosedurlar - seçki ilə pərdələnən monarxiya» kimi danışmaq mümkün olacaq.
Məhz problemin bu aspekti, təklif olunan dəyişikliklər paketinin bir neçə fundamental məsələyə toxunması, siyasi partiyaları Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı yaratmağa sövq etdi. Son illərdə Azərbaycanda geniş siyasi koalisiyalara çox təsadüf olunub. Ancaq 80-ci illərdən sonra demək olar ki, siyasi partiyalar yenidən birgə fəaliyyət göstərmək, qarşıdan gələn referendumla bağlı səylərini əlaqələndirmək üçün hərəkat modelinə üstünlük verdilər.
Təbii ki, bu təşəbbüs təkcə referendumla bağlı yaradılmış siyasi birlikdir, son vaxtlar əksər müxalifət partiyalarının vahid bir qurumda birləşməsi haqda səslənən ideyalarla heç də əlaqəli deyil. Üstəlik, söhbət 80-ci illərdən gedirsə, bir detal da nəzərdən qaçırılmamalıdır – həmin dövrdəki hərəkat kütləvi xarakter daşıyırdı.Yeni yaranan birlik özünün kütləviliyini təmin edə biləcəkmi? Həm prosesin başlanğıcında siyasi partiyalar arasında məsələyə baxışla bağlı təzahür edən ziddiyyətlər, həm vaxtın çox az olması, eləcə də gələcək hərəkatın fundamentini təşkil edən siyasi partiyaların mövcud durumu ciddi optimist nəticələr çıxarmağa imkan vermir.
Bir neçə amil var ki, onlar müxalifətin real nəticə əldə edəcəyinə şübhə ilə yanaşmağa vadar edir. Ən vacib şərtlərdən biri ictimaiyyətin nə qədər fəal olub–olmayacağıdır. Son illərin təcrübəsi, ölkədə keçirilən seçkilər ciddi ümidlərə qapılmağa əsas vermir. Artıq indidən aydındır ki, mart ayı üçün nəzərdə tutulan referendum böyük ehtimalla mahiyyətcə 1993-cü ildən bu tərəfə keçirilən seçkilərdən fərqlənməyəcək. Belə olan təqdirdə cəmiyyətin fəallığı nəyi həll edə bilər?
Siyasi partiyalar, azad mətbuat, qeyri-hökumət təşkilatları...İndi bunların hamısının gələcək perspektivi mübahisəlidir. Düzdür, mövcud hakimiyyət bu demokratik atributların hamısının «idarə olunan nümunə»sini, necə deyərlər, «maket»ini yaradıb. Beləcə, ola bilsin, bir müddət formal olaraq hər şey qalacaq, reallıqda isə heç nə olmayacaq!..
Stalin deyirdi ki, səsləri kim sayırsa, seçkini də o, udur! Azərbaycanın seçki praktikası dəfələrlə bu tezisi təsdiq edib. Pessimizm üçün əsas yaradan faktorlardan biri də budur ki, hakim partiyanın ölkənin əsas qanununa dəyişikliklər etməklə bağlı sayca ikinci təşəbbüsünə beynəlxalq reaksiyalar çox zəif oldu. Düzdür, epizodik iradlar, tənqidlər səslənir, hətta gündəlikdə olmasa da, Azərbaycanda cərəyan edən proseslərin AŞ PA–da müzakirə olunacağı bildirilir, eləcə də beynəlxalq müşahidəçilərin artıq indidən referendumu izləmək arzusunda olmadığı haqda xəbərlər dolaşır.
Amma bütün bunlar prosesə təsir etmək, ölkədə mütləqiyyətin bərqərar olmasının qarşısını almaq üçün çox azdır. Digər detal isə ondan ibarətdir ki, hakimiyyət güclüdür. Adətən, xüsusən də demokratik rejimlərdə, güclü hakimiyyət dedikdə, cəmiyyət və elektorat arasında yüksək siyasi reytinqə malik olanlar nəzərdə tutulur. Azərbaycanda isə obyektiv və aşkar sosioloji sorğular keçirilmir, siyasi reytinqlər müəyyənləşdirilmir, heç buna ehtiyac da duyulmur, çünki ölkədə ictimai rəydən, cəmiyyətin siyasi iradəsindən asılı olmayan hakimiyyət formalaşıb. Belə vəziyyət necə yaranıb, ona hansı amillər təsir edib və etməkdədir – bu haqda kifayət qədər yazıldığındın izafi şərhə ehtiyac yoxdur.
İki ay! Bəlkə də bu, demokratiyanın işartıları üçün ayrılmış sonuncu vaxt limitidir. Mütərəqqi Konstitusiya islahatlarına Azərbaycanda həmişə ehtiyac olub. Amma indi baş verən proses daha çox Konstitusiyanın ölkənin həyatında oynadığı rolu kiçiltməyə, azaltmağa yönəlib, çünki Konstitusiya ilə qeyri- məhdud hakimiyyət anlayışları uzlaşmır. Konstitusionalizm bütün zamanlarda hakimiyyətin səlahiyyətlərinin məhdudlaşdırılmasını, insanların hüquq və azadlıqlarının genişləndirilməsini nəzərdə tutub.
Siyasi partiyalar, azad mətbuat, qeyri-hökumət təşkilatları...İndi bunların hamısının gələcək perspektivi mübahisəlidir. Düzdür, mövcud hakimiyyət bu demokratik atributların hamısının «idarə olunan nümunə»sini, necə deyərlər, «maket»ini yaradıb. Beləcə, ola bilsin, bir müddət formal olaraq hər şey qalacaq, reallıqda isə heç nə olmayacaq!
Amma son nəticə bütün hallarda maraq kəsb edir. Kommunizm doktrinası siyasi determinizmi təlqin edirdi – sanki hər şeyi on illər üçün irəlicədən müəyyənləşdirmək və proseslərin məhz bu istiqamətdə cərəyan etməsinə nail olmaq mümkün idi. Amma zamanın özü bu siyasi konsepsiyanı inkar etdi. İndi Azərbaycandakı hakimiyyət də «determinizm sindromu»na tutulub. Üstəlik, hər yazılan sənəd və yaxud da düzəliş əbədi qüvvəyə malik olsaydı, onda heç dünyada siyasi rejimlər, ictimai–siyasi formasiyalar dəyişməzdi!
Hətta ola bilsin ki, Respublika və Qarabağ Uğrunda Vətəndaş Hərəkatı heç nəyə nail olmayacaq. Amma bütün hallarda bu, nə tarixin, nə də ölkədəki ictimai-siyasi proseslərin sonu demək deyil. Ən azı yaxın keçmişin böyük təcrübəsi bunu deməyə əsas verir. Çoxlu sayda dövlətlər olub ki, onlarda təkcə bir hakim partiya fəaliyyət göstərib, digərləri olmayıb. Azad mətbuat, azad televiziya və radio, nə də QHT-lər mövcud olmayıb! Belə siyasi rejimlərin ömrü bəzən on illərlə çəksə də, son nəticədə siyasi sistem dəyişib! Ən ibrətamiz tarixi detal isə budur ki, həmin dövlətlərin bəzisində məhz «yuxarı»ların, hakimiyyətdə olanların özləri, nəhayət ki, bir gün dəyişikliklərin zəruri olduğunu başa düşüblər və siyasi islahatlara yol açıblar!
Üstəlik, indi dövr başqadır, dünya müəyyən geriləmələr və ziddiyyətlər yaşasa da, hər halda dəyişib. Elə bu səbəbdən qanunları dövrə uyğunlaşdırmaq, dövr və onun tələbləri ilə ayaqlaşmaq daha məntiqli və real siyasət olardı. Tarixi təcrübə də göstərir ki, reallıq hissini itirmək hələ heç bir siyasi qüvvəyə fayda gətirməyib.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG