Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:54

Azərbaycan yenə də qeyri-azad ölkələr sırasındadır


«Freedom House» müstəqil və qeyri-hökumət təşkilatıdır. 1972-ci ildən dünyada azadlığın geniş yayılmasını dəstəkləyir, siyasi hüquqlar və vətəndaş azadlığına nəzarət edir
«Freedom House» müstəqil və qeyri-hökumət təşkilatıdır. 1972-ci ildən dünyada azadlığın geniş yayılmasını dəstəkləyir, siyasi hüquqlar və vətəndaş azadlığına nəzarət edir
«Freedom House» beynəlxalq hüquq müdafiə təşkilatının son hesabatında Azərbaycan yenə də qeyri-azad ölkə sayılıb. Təşkilatın 2008-ci ili təhlil edən «Dünyada azadlıq» adlı hesabatında Azərbaycanda geriləmə müşahidə olunduğu bildirilir. Sənədin Azərbaycana aid hissəsində deyilir:

«Azərbaycanda vəziyyət prezident İlham Əliyev və Yeni Azərbaycan Partiyasının hakimiyyəti öz monopoliyasına almağı sayəsində pisləşib. Oktyabrda keçirilən prezident seçkisində müxalifət boykot yolunu tutdu və hakimiyyətdə olanlar prezidentlik müddətinin ləğviylə bağlı işə başladı».

Hesabatda Azərbaycanın qonşuları - Ermənistan və Gürcüstanda da siyasi cəhətdən vəziyyətin pisləşdiyi bildirilir, amma hər iki ölkə qismən azad ölkələr kateqoriyasına aid edilib.

Sənəd Azərbaycanda birmənalı qarşılanmır. Müxalifət liderləri, bəzi ekspertlər hesabatı obyektiv saysalar da, hakimiyyət təmsilçiləri və YAP funksionerləri bununla razılaşmırlar.

AXCP sədri Əli Kərimli bu hesabatı obyektiv sayır. Onun fikrincə, son bir ildə də ölkədə siyasi məhbusların, o cümlədən üç məhbus jurnalistin azad olunmaması, siyasi fəaliyyət azadlığının, sərbəst toplaşmaq hüququnun tanınmaması belə hesabatlarda Azərbaycanın reytinqini daha da aşağı salır. Ə.Kərimli deyir ki, Azərbaycanda 2008-ci ildə seçib-seçilmək azadlığının ümumiyyətlə qalmadığı məlum oldu. Onun sözlərinə görə, əgər indiyədək bu azadlığın məhdudlaşdırılmasından söhbət gedirdisə, ötən ildə prezident seçkisi rəqabətsiz şəraitdə keçib.

Müsavat Partiyasının başqanı İsa Qəmbər də deyir ki, hesabat gerçəkliyi əks etdirir. Onun sözlərinə görə, ötən ildə nəinki ölkədə demokratik istiqamətdə işartılar görünüb, əksinə, Azərbaycanda totalitarizm, monarxiya qurulması güclənib:

«Bu vəziyyəti qiymətləndirəndə, təbii ki, yenidən Azərbaycanın qeyri-azad ölkələr sırasında olması gerçəkliyi əks etdirir».

Prezidentin İcra Aparatının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov isə bu hesabatı qərəzli və qeyri-oybektiv qiymətləndirir. Onun fikrincə, Azərbaycanda demokratik inkişaf göz qabağındadır:

«Freedom House» daimi olaraq Azərbaycanda baş verən hadisələrə qərəzli, qeryi-obyektiv mövqe tutur».

Ölkə başçısı İlham Əliyev də ötən il İtaliyaya səfəri zamanı yerli televiziyaya verdiyi müsahibəsində «Freedom-House» təşkilatını tənqid etmişdi. Prezident bildirmişdi ki, belə təşkilatlar obyektiv deyil. Onun sözlərinə görə, «Freedom-House» siyasi maraqları olan bir qeyri-hökumət təşkilatıdır və bu qurumun Azərbaycanda bəzi müxalifət nümayəndələri arasında dostları da var. İ.Əliyevin fikrincə, buna görə də təşkilatın Azərbaycan haqqında dedikləri düzgün hesab edilə bilməz.

«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Əflatun Oruclu deyir ki, belə hesabatların olması başa düşüləndir. Çünki ölkədə ictimai-siyasi vəziyyət əvvəlki illərlə müqayisədə xeyli pisləşib:

«Azərbaycanın yenə də qeyri-azad ölkələr sırasında olması əslində ölkədə gedən prosesin əksidir. İnsan haqları, mətbuat azadlığı sahəsində müntəzəm olaraq repressiya müşahidə olunur. «Freedom-House» da bunları görməyə bilməz».

Siyasi şərhçi İlqar Məmmədov isə deyir ki, Azərbaycanın azad ölkə olmadığını hər hansı hesabatdan oxumağa ehtiyac yoxdur, elə bu ölkənin özündə yaşamaq kifayətdir. Onun sözlərinə görə, Azərbaycanda azadlıqları zərbə altında qoyacaq hallar baş verir – beynəlxalq radioların milli tezlikdə yayımı dayandırılır, prezidentlik müddətinin ləğvinə yol açan konstitusiya referendumu təyin olunur. Politoloqun fikrincə, toplantı, söz, biznes, siyasi azadlıq daim təzyiq altındadır.

«Freedom House» müstəqil və qeyri-hökumət təşkilatıdır. 1972-ci ildən dünyada azadlığın geniş yayılmasını dəstəkləyir, siyasi hüquqlar və vətəndaş azadlığına nəzarət edir.
XS
SM
MD
LG