Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:41

Absurdlarla dolu dünya!


Siyasətdə absurd teatrı!
Siyasətdə absurd teatrı!
Türkiyə hökuməti böyük Nazim Hikmətin vətəndaşlıqdan məhrum edilməsi haqqında vaxtilə verilmiş qərarı, nəhayət ki, indi ləğv edib. Bəlkə də bir qədər gecikmiş qərardır! Sözün əsl mənasında müasir türk ədəbiyyatının banisi milyonların qəlbində çoxdan bəraətini qazanmışdı.Amma məsələ bunda deyil. Söhbət bu dünyanın tarixindəki və məntiqindəki absurdlardan
gedir.
Nazim Hikmət kommunist idi. Buna görə də sağlığında müxtəlif təqiblərə, ölümündən sonra isə uzun müddət yerli-yersiz qınaqlara məruz qalmışdı. Keçmişini, siyasi əqidəsini ona bağışlamaq istəmirdilər. Amma Sovetlər Birliyi dağılandan sonra bəlkə də tarixin ən böyük «tragikomediyası» baş verdi, keçmiş kommunistlərin böyük əksəriyyəti bir anın içində dönüb «demokrat» oldular, yeni yaranan dövlətlərdə vəzifələr tutdular, əvvəllər Marks, Engels və Lenindən danışırdılar, indi isə Fukuyamadan, Popperdən və başqalarından «geniş sitatlar» gətirirlər. Amma mahiyyət və məzmunca hər şey gec-tez öz dairəsinə qayıdır. Keçmiş yaddaşın və idarəçilik təcrübəsinin yükündən qurtulmaq nəinki o qədər də asan, heç sərfəli də deyil, xüsusən də hakimiyyət və siyasət baxımından.
Sözsüz ki, azərbaycanlıların böyük əksəriyyəti öz həyatında az və ya çox dərəcədə «sovet quruluşu»nun möhürünü daşıyır.Amma rollar və statuslar müxtəlif olub. İlk baxışda artıq unudulmuş, bir qədər köhnə, hətta qeyri- aktual səslənən bu məsələ əslində bir vaxtlar geniş ictimai diskussiyalara səbəb olmuşdu. Hətta bəzi keçmiş sosialist ölkələrində «dekommunizasiya haqqında akt» qəbul etməyə çalışırdılar - elə bir qanun ki, sovetlər vaxtında vəzifələr tutmuş şəxslərə bir daha belə bir şans verməsin! Amma sonradan belə qanuna ehtiyac olmadı, çünki azad və demokratik seçki özü hər şeyi nizamlamaq gücündədir. Həm də ABŞ prezidenti Eyzenhauerin hələ soyuq müharibənin tüğyan etdiyi vaxtlarda dediyi bir fikir var: «Kommunizmə qarşı mübarizə apara-apara ölkəni sağların diktaturasına çevirə bilmərik!»
Burada da müəyyən məntiq var - onu da inkar etmək olmaz. Məntiq də budur ki, diktatura bütün hallarda pisdir – istər sağların, istərsə də solların diktaturası olsun!
Siyasətdə absurd teatrı! Nə qədər davam edəcək, nə qədər çəkəcək bu tamaşa? Əsas odur ki, daha «kassalar»a yaxınlaşan yoxdur. Hətta ən yaxşı film də fasiləsiz olaraq təkrarlananda bezikdirir. Azərbaycanlılar artıq bu filmləri çox görüblər, kitablardan oxuyublar – «yetmiş illik totalitarizm filmi», «böyük xanlar və xaqanlar haqqında dastanlar» və s!..
Təbii ki, heç kim doğulduğu dövrü, zamanı seçmək iqtidarında deyil – bu, insanın taleyidir. Amma hər bir insanın yaşadığı dövrə, quruluşa, mövcud sosial–siyasi qaydalara öz münasibətini seçmək, onu formalaşdırmaq imkanı olur. Böyük Qandi ən əlacsız vəziyyətlərdə, başqa çıxış yolu olmayanda, «zor və müstəbidliklə sadəcə əməkdaşlıq etməməyi» tövsiyə edirdi. Düzdür, insan psixologiyası bir qədər fərqli qurulub – o, bütün hallarda uğurlu olmağa, cəmiyyətdə seçilən sosial status qazanmağa çalışır. «Ömür insana bir dəfə verilir!» - həyata baxışlar sırasında üstünlük təşkil edən tezislərdən biri də budur. Nə demək olar? İnsanın və dünyanın növbəti absurdumu? Amma müqayisə tam uğurlu olmasa da, kiçik bir faktı xatırladaq ki, təbiətin heç də bütün dövrləri hər meyvə və ya bitki üçün düşərli olmur, hərənin öz məqamı var. İnsanın timsalında bəzən bu, daha acınacaqlı olur – elə ola bilər ki, bir insan ömrü həmin əlverişli situasiyanı gözləməyə çatmasın.
Orta statistik vətəndaşın çətin qəbul etdiyi, əksər hallarda isə, ümumiyyətlə qəbul etmək istəmədiyi ən acı həyat həqiqətlərindən biri də budur!
Tarixdən, təəssüf ki, birmənalı nəticələr çıxarmaq çox çətindir. Həyatda həmişə optimistlər və pessimistlər, realistlər və idealistlər olur. Bu da həyatın qanunudur. Kim daha çox haqlıdır? Kim hadisələrə daha çox təsir edə bilir? Bunu da birmənalı şəkildə demək çətindir, çünki həyat və dünya bir absurd teatrıdır! Məgər bu absurd deyilmi ki, hər yerdə monarxiyanın, mütləqiyyətin məhdudlaşdırılması prosesi getdiyi halda Azərbaycanda bunun əksi baş verir? Artıq mart ayında referendum keçirmək üçün «təşəbbüs qrupları» yaradılır! «Demokratik arqumentlərlə» demokratiya sıradan çıxarılır! «Deputatlar və başqaları bir neçə dəfə seçilə bilirlərsə, nəyə görə prezident beş, altı dəfə seçilməsin?». Formal və primitiv məntiq baxımından hər şey «qaydasındadır». Amma dünya ölkələrinin Konstitusiya hüququ ilə tanış olanda görürsən ki, hətta deputatların seçim müddətinin məhdudlaşdırılması müzakirə olunur! Üstəlik, söhbət təkcə prezidentlərin, deputatların seçim müddətinin qısaldılmasından getmir, müasir tendensiya budur ki, hər yerdə dövlətin cəmiyyətin həyatına müdaxilə imkanlarını, azad bazara təsirini, mülki cəmiyyətin işinə qarışmaq cəhdlərini azaltmağa çalışırlar. Totalitarizmin süqutundan Azərbaycanda hansı siyasi nəticələr çıxarıldı? Daha kiçik miqyasda, «milli zəmində», «milli mentalitet»ə uyğun mini-totalitar dövlət qurmaqmı? Bəlkə totalitar SSRİ təkcə ona görə dağıldı ki, coğrafi ölçüləri böyük idi? Absurd deyilmi?
Siyasətdə absurd teatrı! Nə qədər davam edəcək, nə qədər çəkəcək bu tamaşa? Əsas odur ki, daha «kassalar»a yaxınlaşan yoxdur. Hətta ən yaxşı film də fasiləsiz olaraq təkrarlananda bezikdirir. Azərbaycanlılar artıq bu filmləri çox görüblər, kitablardan oxuyublar – «yetmiş illik totalitarizm filmi», «böyük xanlar və xaqanlar haqqında dastanlar» və s! Hakimiyyətin təbliğatçıları, «siyasi texnoloqları» da nəzərəçarpacaq dərəcədə azalıb– təkcə beş–üç nəfər ürəkdən fəallıq edir, qalanlar isə, sadəcə dolanmaqla və «fürsətdən yararlanmaqla məşğuldurlar». Kənarda qalmağa, «çox da üzdə görünməməyə» çalışanların sayı artır. Bəlkə də hakimiyyətin siyasətindəki ən böyük yanlışlıq ondadır ki, elə bilirlər, insanları hadisələrdən hali edən, onların sosial-siyasi ovqatına təsir edən təkcə müxalifət partiyaları, qəzetlər, radio və televiziyalar, QHT-lərdir! Bəlkə bazarları, dükanları, ədalətsiz məhkəmələri, məmur aparatını, hüquq–mühafizə orqanlarını, lap elə iş yerlərini «ləğv etmək» daha düzgün olardı? Axı insanlar əsl həqiqətləri bunlarla təmasda olarkən görür və müstəqil şəkildə nəticə çıxarırlar! Əslində onların heç bir izaha da ehtiyacı yoxdur, çünki real həyatın özü siyasətin güzgüsüdür.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

XS
SM
MD
LG