Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:43

Azadlığın sınağı


«Hamılıqla itirdik – azadlığı da, ümidləri də…»
«Hamılıqla itirdik – azadlığı da, ümidləri də…»
Ernest Heminqueyin əsərlərində belə bir ifadə var: «itirilmiş nəsil». Görünür, bunu illərə də şamil etmək olar: «İtirilmiş illər!».Yox, əslində yekunlaşmaqda olan il o qədər də maraqsız və təsirsiz ötüşmədi. Rusiyanın Gürcüstana təcavüzü, Moskva Bəyannaməsi, Türkiyənin «Cənubi Qafqazda sabitlik və əməkdaşlıq» platforması, Avropa Birliyinin «Şərq tərəfdaşlıq proqramı», ölkədə rekord nəticə ilə – 89 faizlə başa çatan prezident seçkisi və s.! Bunların hamısı müstəqil jurnalistikanın süzgəcindən keçib və kifayət qədər təhlil olunub. Bu ilin sözsüz ki, ən yadda qalan hadisəsi prezident seçkisi ilə bağlı iki dəfəlik məhdudiyyətin götürülməsi üçün referendumun təyin edilməsi və bir də ki, jurnalistlərin hələ də əfv edilməməsi oldu. Beləcə, yazının əvvəlindəki ifadəyə bir daha qayıtsaq, hamılıqla itirdik – azadlığı da, ümidləri də!
Düzdür, belə fikirlər də mövcuddur ki, azadlıq da, ümid də şərti məna daşıyır. Elə adamlar var ki, bütün dövrlərdə, rejimlərdə azad və sərbəst olduqlarını iddia edirlər. Təbii ki, bu, ya süni təkəbbürdən, ya da insan şəxsiyyətinin haçalanmasından xəbər verir. Kimisi rəsmi telekanallara baxmamaqla, kimisi dövlətdən asılılığını minimuma endirməklə, kimisi də rəsmi «ustanovkalar»a və təbliğata inanmamaqla özünü azad hiss edir. Ola bilsin, buna bənzər nəsə var. Amma buna «susmaq azadlığı» deyirlər – əgər insanın öz fikrini bildirmək, etiraz etmək, nəyəsə təşəbbüs göstərmək, münasibət ifadə etmək, ölkədə aparılan siyasətə təsir etmək, kiməsə səs vermək və yaxud verməmək, azad məhkəmədə kiminləsə çəkişmədə özünün haqlı olduğunu sübut etmək imkanı yoxdursa, daha bunun nəyi azadlıq oldu? Bu baxımdan başa çatmaqda olan il təkcə itirilmiş, yox həm də geriləmə ili idi.
Bəlkə də bu da bir sınaqdır. Rəvayətə görə, arzuladıqları və can atdıqları torpağa çatmaq üçün yəhudilər qırx il səhrada dolaşıblar. Amma burada kiçik paradoks var. Adətən insan çox çətinliklə qazandığını, əldə etdiyini asanlıqla vermir. Görünür, hələ də azadlıq insanların böyük əksəriyyəti üçün düşünülən qədər də qiymətli nəsnə deyil. Əks təqdirdə onun hər kiçik ünsürü uğrunda mübarizə aparar, çarpışardılar.
Azadlıq da qayıdacaq. Amma o vaxt qayıdacaq ki, onun lazım olub-olmamasına məmurlar yox, cəmiyyət qərar verəcək, «cəmiyyətin azadlığa hazır» olmasını məmurlar yox, əksinə məmurların azadlığın tələblərinə cavab verib- vermədiyini cəmiyyətin özü müəyyən edəcək!..
Həm də real olanı qiymətləndirmək və qeyd etmək lazımdır. Orta statistik azərbaycanlı hələlik ancaq iqtisadi azadlıqların müəyyən elementlərini dərk və qəbul edib – « bu, mənim evimdir, dükanımdır», «bu mənim malımdır, ona xərc çəkmişəm» və s! Siyasi azadlıqlar isə hələ gələcəyin zərurətidir, böyük əksəriyyət hələ də onların önəmini dərk etmir. «Başqasını seçsək, bundan yaxşı olacaq?!», - seçki kampaniyaları vaxtı kim bu cür suallarla qarşılaşmayıb?
İndi ən aktual məsələlərdən biri də xarici radiostansiyaların taleyi, onların milli tezlikdən məhrum edilə bilməsi ehtimalıdır. Söhbət dəqiq və alternativ informasiya mənbələrinin mühüm hissənin itirilməsindən gedir. Hələ sovetlər çağında insanlar min cür əziyyətlə həmin radioları dinləyirdilər. Sovetlər dönəmində hakimiyyət rəsmiləri onlara «düşmən səsləri» deyirdilər. Amma artıq soyuq müharibə yoxdur, kommunizm də hər yerdə süquta uğrayıb. O da düzdür ki, yerli hakimiyyət də məsələnin siyasi yox, ancaq sırf hüquqi mahiyyət kəsb etdiyini iddia edir. Amma özəl və qeyri–özəl telekanalların və radioların hansı şəraitdə fəaliyyət göstərdiyini yada salanda, hüquqla siyasət arasındakı sərhədin şərti xarakter daşıdığına əmin olmaq mümkündür. Hakimiyyət alternativ ictimai fikirdən, siyasi dialoq və polemikadan, tənqiddən ehtiyat edir.
Cəmiyyəti qınamağın nə siyasi, nə də mənəvi baxımdan bəraəti yoxdur, çünki hamı onun bir hissəsini təşkil edir. Erix Frommun maraqlı fikri var: «Azadlıqdan qaçış!» 1992-93-cü illərdə bu tendensiya hiss olundu. Hətta insanlara verilən azadlıq və sərbəstlik «xaos» kimi qiymətləndirildi. Bu da təəccüblü deyildi, sovet adamı instruksiyalarla yaşamağa, həyatının tamamilə reqlamentləşdirilməsinə adət etmişdi. Hər şeydə «siyasi determinizm» üstünlük təşkil edirdi. Birdən-birə vətəndaş öz ətrafında böyük boşluq hiss etdi. Bunun nəticəsi nə oldu? Orta statistik vətəndaş ona verilən azadlıq və sərbəstliklə nə etmək lazım gəldiyini bilmədi! Hər şey var idi – qanunlar, sənədlər, beynəlxalq təşkilatlar! Amma azacıq sonra – hakimiyyət dəyişən kimi bir qədər zabitəli və hökmlü məmurların təzyiqi altında hər şey əridi və yox oldu. Azadlığın yerini qorxu və itaət tutdu. Qorxu hissi orta statistik vətəndaşa indi o qədər sirayət edib ki, hətta adamın yadına rus yazıçısı Anton Çexovun məşhur hekayəsi düşür. Ən dəhşətlisi isə budur ki, dövlət və onun məmurları haqqında təsəvvürlər deformasiya olundu – dövlətin insanların şüurunda yenicə formalaşan «cəmiyyətlə ictimai müqavilə» anlamı tez bir zamanda beyinlərdə «cəbr və itaət aparatı» anlamı ilə əvəz olundu.
Dövlət nədir? Cəmiyyətlə ictimai müqavilə, yoxsa cəbr aləti? Güman ki, əksəriyyətin bu suala indi necə cavab verəcəyi aydındır!
Beləcə, azadlıq sınağa çəkildi. Etiraf etmək lazımdır ki, 2008-ci il onun cəmiyyətdə güclü və etibarlı dayaqlara malik olmadığını göstərdi. Düzdür, inkişaf da qabarmalardan və çəkilmələrdən ibarətdir. Azadlıq da qayıdacaq. Amma o vaxt qayıdacaq ki, onun lazım olub-olmamasına məmurlar yox, cəmiyyət qərar verəcək, «cəmiyyətin azadlığa hazır» olmasını məmurlar yox, əksinə məmurların azadlığın tələblərinə cavab verib- vermədiyini cəmiyyətin özü müəyyən edəcək!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG