Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:28

Qərbin geosiyasi tərəddüdləri


ABŞ məsələyə münasibətdə yeni NATO üzvləri ilə birlikdə, demək olar ki, tək qaldı
ABŞ məsələyə münasibətdə yeni NATO üzvləri ilə birlikdə, demək olar ki, tək qaldı
Ukraynanın və Gürcüstanın təmsilçiləri siyasi cəhətdən nə qədər nikbin görünməyə çalışsalar da NATO-nun Buxarest sammitindən bu günə qədər yaşanılan ümidlər özünü tam doğrultmadı. Dekabr sammiti ilə bağlı gözləntilər böyük idi, xarici işlər nazirlərinin toplantısından çox şey umulurdu. Amma Buxarest sammitindən sonra baş verən prosesləri şərti olaraq iki hissəyə ayırmaq olar: Rusiyanın Gürcüstana təcavüz etdiyi dövrə qədər ki zaman və bundan sonrakı vaxt. Əvvəlcə anti-Rusiya ovqatı özünün maksimumuna çatdı, hətta iki keçmiş sovet respublikasının NATO-ya inteqrasiyası ilə bağlı tərəddüd edən Almaniya kansleri fikrini tam dəyişdi, NATO-Rusiya Şurası öz fəaliyyətini dayandırdı, NATO üzvü olan ölkələr Rusiya ilə münasibətlərinə yenidən baxacaqları haqqında bəyanatlar verməyə başladılar, ABŞ özünün Rusiya ilə hərbi əməkdaşlığını tamamilə dondurdu. Sonradan isə həm Rusiyanın güclü təbliğatı nəticəsində, həm də bəzi Avropa dövlətlərinin məsələyə münasibətinin dəyişməsi sayəsində vəziyyət mürəkkəbləşdi – Almaniya, Fransa, İtaliya kimi dövlətlər yenidən Ukrayna ilə Gürcüstanın Alyansa qəbul edilməsinin əleyhinə çıxış edərək Blok daxilindəki ziddiyyətləri dərinləşdirdilər.

ABŞ məsələyə münasibətdə yeni NATO üzvləri ilə birlikdə, demək olar ki, tək qaldı və Alyans daxilindəki ziddiyyətlərin daha da qabarmasına rəvac vermək istəmədi. Amma bilavasitə ABŞ-la bağlı başqa ehtimal da var ki, hakimiyyəti başa çatmaqda olan Buş komandası bu mürəkkəb məsələnin həllini yeni prezident Barak Obamanın öhdəsinə buraxdı.

Dekabrın 2-də başlayan toplantını Rusiya çox sərt qarşıladı. Gürcüstanın ərazisinin artıq bir hissəsini işğal edən Rusiya açıq mətnlə bildirdi ki, Ukrayna NATO-ya üzv olarsa, parçalanacaq! Bu hədələri nəzərə almamaq qeyri-mümkün idi. Hər iki ölkənin – Gürcüstanın və Ukraynanın daxilində siyasi vəziyyət həqiqətən də mürəkkəbdir. Düzdür, Gürcüstanla bağlı bir qədər şişirtmə var. Amma Ukraynada siyasi vəziyyət o qədər də sadə deyil-Gürcüstandan fərqli olaraq burada Rusiyameylli siyasi qüvvələr heç də zəif deyil və ümumiyyətlə «böyük şimal ölkəsi»nə rəğbət böyükdür, həm də bu ölkədə «qərb» və «şərq» məfhumları ciddi siyasi məna daşıyır.
Son vaxtlar Qərbin tərəddüdləri bir çox ölkələrə və məsələlərə münasibətdə özünü ciddi şəkildə büruzə verir. Adi bir fakt unudulur ki, yeni yaranmış demokratiyaların həqiqətən də müdafiəyə ehtiyacı var
Məsələnin prinsipial həllinə təbii ki, Avropanın enerji maraqları da imkan vermir. Bu asılılıq hələ də azalmayıb. Eləcə də hiss olunur ki, bəzi geosiyasi məsələlərdə «qoca» Avropa ABŞ-ı tam yamsılamaq istəmir, daha çox öz təhlükəsizliyini düşünür, «geosiyasi eqoizm»ə qapılır.
İndi toplantıya bir neçə aspektdən qiymət verilir. Bəzilərinin fikrincə, Qərb Rusiyanı ciddi geosiyasi faktor kimi qəbul etdi. Amma hələ son nöqtə qoyulmayıb. Ukrayna və Gürcüstan nümayəndələri Buxarest sammitində olduğu kimi bu toplantıda da irəli getdiklərini israr edirlər. Elə Alyans üzvləri də məsələnin yekunlaşmadığını qeyd edirlər. İndi komissiyalar səviyyəsində iş davam edəcək. Növbəti ildə yeni sammit olacaq. Necə deyərlər, proses davam edir.

Son vaxtlar Qərbin tərəddüdləri bir çox ölkələrə və məsələlərə münasibətdə özünü ciddi şəkildə büruzə verir. Adi bir fakt unudulur ki, yeni yaranmış demokratiyaların həqiqətən də müdafiəyə ehtiyacı var. Rusiyanın müəyyən «imtiyazları»nın etiraf olunması, əvvəllər deyildiyi kimi, «maraq və nüfuz sferası»na müdaxilə edilməməsi, digər dövlətlər üçün acı nəticələr yaradır. Bu nəticələr ərazi bütövlüyündən tutmuş daxili siyasi sistemə qədər böyük bir spektri əhatə edir. Rusiya yaxşı presedent və nümunə deyil. Təsadüfi deyil ki, yeni kiçik avtoritar rejimlər hər şeydə onu yamsılamağa çalışırlar. Hətta Azərbaycanda prezidentlik müddətinin uzadılması və ya iki dəfəlik seçim haqqındakı məhdudiyyətin götürülməsi ilə bağlı planlar da müəyyən mənada Rusiyanın təcrübəsini təqlid etmək cəhdi kimi yozulur. NATO-nun hər toplantısını yerli hakim partiyanın nümayəndələri təşvişlə qarşılayır və sevinclə yola salırlar. Hər dəfə Azərbaycan rəhbərliyinin daha müdrik və praqmatik siyasət yürütdüyü qeyd olunur. Azərbaycan-NATO əməkdaşlığı nümunə kimi göstərilir. Hərçənd, Alyans rəhbərliyi belə düşünmür. Bu, təkcə NATO ilə bağlı məsələ deyil. Avropa Birliyi ilə də eyni siyasət aparılır. İki il bundan əvvəl AB ilə Qonşuluq Siyasəti haqqında sənəd imzalanmışdı. Gürcüstan və Ermənistan da bunu etmişdilər. Artıq bu iki ölkə AB-yə azad ticarət zonasına daxil olmaq və siyasi islahatlarla bağlı yeni əməkdaşlıq planına qoşulmaq haqqında müraciət ediblər. Azərbaycan isə gözləmə mövqeyindədir. Bunun bir səbəbi də hakim partiyanın mümkün qədər siyasi islahatları ləngitmək istəyidir. Elə NATO-ya münasibəti formalaşdıran amillərdən də biri də budur. Az qala monarxiya qurmaq arzusu ilə yaşayan hakim siyasi qüvvə daha bir demokratik klubun üzvü olmaq, hansısa yeni siyasi öhdəliklər qəbul etmək və kiməsə hesabat vermək fikrində deyil. Bütün yüksək səviyyəli görüşlərdə bəyan edilir ki, «heç bir kreditə və maliyyə yardımına ehtiyacımız yoxdur». Bu, o deməkdir ki, daha kreditlərin və maliyyə yardımlarının müqabilində struktur islahatları, iqtisadi və siyasi dəyişikliklər aparmaq fikrimiz yoxdur. Təbii ki, hakim partiya Rusiyaya da tam arxayın deyil, amma Rusiya modeli və siyasi təcrübəsi bəzi yerli məmurların ruhunu daha çox oxşayır.
Qərb isə tərəddüd etməkdə davam edir. Son illərdə Qərb ancaq bir iş görüb: şərqli məmurların psixologiyasını gözəl mənimsəyib. Tərif sarıdan heç bir kasadlıq yoxdur – elə təriflər deyirlər ki, adam bu ölkədə yaşamaq və bir də yaşamaq istəyir!
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG