Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:45

«Nabucco»nun reallaşmağına zəmanət yoxdur»


«Onlar çalışacaqlar ki, Rusiyanı hansısa formada «Nabucco»ya bağlasınlar»
«Onlar çalışacaqlar ki, Rusiyanı hansısa formada «Nabucco»ya bağlasınlar»
Avropa Siyasət Mərkəzinin təhlilçisi Antonio Missiroli «Azadlıq» radiosuna müsahibə verib. Müsahibəni təqdim edirik


- Avropa Birliyi (AB) üçün Azərbaycan nə dərəcədə mühüm tərəfdaşdır?

- Avropa Birliyi üçün Azərbaycanla əməkdaşlıq indi prioritetdir. Mənim başa düşdüyüm qədər AB ortaya öz prinsiplərini qoyur. Sən bu prinsiplərə əməl edirsənsə, onda Avropa Birliyi pul verir, mülki xidmət təklif edir. Bu, həlledici rol deyil, AB kömək edə bilər, amma baş verməni təmin edə bilməz. Avropa istəyir ki, Azərbaycan indikindən daha demokratik dövlət olsun, bu ölkə ilə daha yaxından iqtisadi əlaqələr qurulsun. Bundan başqa, AB üçün mühümdür ki, Azərbaycan Rusiyanın təsir dairəsinə düşməsin, çünki belə olan halda onunla əməkdaşlıq çətin olacaq.

- Bəs sizcə, Azərbaycan üçün indiki halda daha uğurlu seçim nə olardı: Rusiyanın, yoxsa, Qərbin yanında olmaq?

- Məncə, Qərb Azərbaycanın qarşısına belə bir seçim qoymayıb. Təbii ki, burada qarşılıqlı inam söhbəti var. Məsələn, əgər seçki daha şəffaf şəraitdə keçsə, hökumət inzibati resurslardan kütləvi şəkildə istifadə etməsə, bu, ona işarə ola bilər ki, Azərbaycan beynəlxalq əməkdaşlıqda daha çox maraqlıdır. Amma beynəlxalq siyasətdə bu çox mühüm məsələdir ki, sən əlaqələrini çoxtərəfli inkişaf etdirəsən. Əgər Azərbaycan bunu etməyi bacarsa, çox gözəl olar. Həm Azərbaycanın özü üçün, həm də hamı üçün.

- Bəs «Nabucco»? Axı Azərbaycan «Nabucco» məsələsində konkret seçim etməyə məcburdur...


- Düzdür, «Nabucco» Avropa üçün mühüm layihədir. Bu layihə Orta Asiya qazını Azərbaycandan da keçməklə Avropaya daşımağı və Avropanın Rusiyadan qaz asılılığını azaltmağı nəzərdə tutur. Amma desək ki, «Nabucco» gecikir, yəqin ki, bu, ədalətli olar. Hətta Avropa Birliyi özü də kifayət qədər iş görməyib. Nə siyasi, nə də iqtisadi mənada. Avropa şirkətlərindən də aktivlik görünmür. Zəmanət yoxdur ki, «Nabucco» reallaşacaq.

- Rusiyanın Gürcüstana müdaxiləsi burada səbəb ola bilərmi?

- Mənim qənaətim budur ki, münaqişədən sonra «Nabucco» ətrafında vəziyyət dəyişib. Bu regiondakı ölkələr və şirkətlər çalışacaqlar ki, Rusiyanı da tərklərinə alsınlar. Ola bilər ki, söhbət «Qazprom»un «Nabucco»da birbaşa iştirakından getmir, amma onlar çalışacaqlar ki, Rusiyanı hansısa formada «Nabucco»ya bağlasınlar ki, bu layihə daha az anti-Rusiya xarakteri daşısın.

- Bəs Moskva bəyənnaməsinin imzalanmasını necə qiymətləndirirsiz?

- Avropa Birliyi bu addımı yüksək qiymətləndirir. Rusiya dünyaya göstərmək istəyir ki, o, əsas oyunçudur. Yəni, hələ də Cənubi Qafqazda dəyişiklik o zaman baş verir ki, bunu Avropa Birliyi istəyir. Amma Avropa başa düşür ki, Rusiyanın da regionda maraqları var. Amma bütün hallarda bu cur hadisələrin baş verməsi yaxşı haldır. Bu, tamamilə yeni hadisə idi.
XS
SM
MD
LG